"Səbail"in kapitanı Adil Nağıyev apasport.az saytına müsahibə verib.
- "Səbail" son turda "Neftçi"yə 0:3 hesabı ilə məğlub oldu. Səncə, niyə "Neftçi"yə bu cür hesabla uduzduz?
- Məncə, hesab oyuna görə deyildi. Çünki yaxşı futbol oynadıq. Lakin əlimizə düşən qol fürsətlərindən istifadə edə bilmədik. Birinci qolu buraxdıqdan sonra komanda oyundan qopdu və nəticədə 0:3 uduzduq. Təəssüf ki, belə alındı.
- "Neftçi" "Səbail" üçün qarşısıalınmaz idi, yoxsa səncə, rəqib bəxt hesabına qalib gəldi? Çünki Şahin Diniyev bildirmişdi ki, daha yaxşısına layiq idiz...
- Oyuna baxan insanların, mütəxəssislərin fikrini öyrənsəniz, hər kəs bizim daha yaxşı oynadığımızı, daha çox qol imkanlarımızın olduğunu deyəcək. Bunu görməmək mümkün deyil.Sadəcə futboldur da, bəzən hər şey istədiyin kimi alınmır. Halbuki yaxşı futbol oynamışdıq.
- "Səbail" hazırda 7-ci pillədədir. Mövsümü ən azından 6-cı pillədə başa vursanız, mövsümü uğurlu hesab edəcəksiz? Avrokuboklara düşməməyiniz sizin üçün uğursuzluqdur?
- Xeyr, avrokuboklara düşməmək bizim üçün uğursuzluq deyil. Bəli, mövsümü altıncı pillədə bitirmək istəyirik. Qarşıda sonuncu matç var. Mövsümün sonuncu matçını da uğurlu bitirmək niyyətindəyik. İnanıram ki, yaxşı alınacaq.
- Komanda son turlara qədər avrokuboklara vəsiqə qazana biləcək şansa sahib idi. Ancaq sonradan alınmadı. Səncə, nəyə görə avrokuboklar uğrunda mübarizədə yarıyolda qaldınız?
- Bizim gücümüz çoxdur. Ancaq bir çox oyunda bəxtimiz gətirmədi. Yaxşı oynayıb, sonda isə uduzduğumuz matçımız da çox idi. Ani diqqətsizliklərdən qollar buraxırdıq, uduzurduq. Şanssızlıq da bizə mane oldu. Biz sona qədər avrokuboklara vəsiqə uğrunda mübarizə apardıq. Lakin alınmadı, qismət belə imiş.
- "Səbail" növbəti və mövsümün son görüşünü "Zirə"yə qarşı keçirəcək. Bu görüşdə əsas məqsəd nədən ibarət olacaq və hansı motivasiya ilə çıxacaqsız?
- Əlbəttə ki, "Zirə"ni məğlub edərək mövsümü altıncı pillədə başa vurmaq niyyətindəyik. Mövsümün son turudur, yaxşı motivasiya ilə hazırlaşırıq. Son oyunu yaxşı keçirib, istirahətə yollanacağıq. Ona görə də, "Zirə"yə qarşı görüşü uğurlu keçirmək niyyətindəyik. İnanıram ki, bu bizdə alınacaq.
- Yeni mövsümə "Səbail"də başlayacaqsan? Maraqlıdır, başqa klublardan təklif almısan, yoxsa hələ gözləyirsən?
- Yeni mövsümə harada başlayacağımı indidən deyə bilmərəm. Son oyunumuz qalıb. Həmin görüşə köklənmişik. Çempionat bitsin hər şeyə aydınlıq gələcək. İndidən bir söz deyə bilməyəcəm. Qarşıdakı "Zirə" ilə oyuna fokuslanmışıq.