Şəhriyar Əliyev: “Milli elə yerdir ki...” - Müsahibə
21.09.2023 - 14:31
Şəhriyar Əliyev: “Milli elə yerdir ki...” - Müsahibə

Turan-Tovuz”un kapitanı Şəhriyar Əliyevin apasport.az saytına müsahibəsi 

- “Turan Tovuz” altı turdan sonra 10 xalla üçüncü pillədə qərarlaşıb. Belə start götürəcəyinizə inamınız var idi?
- Biz hər oyuna xal və ya xallar qazanmaq üçün çıxırıq. Qələbə qazana bilmiriksə, ən azından bir xalı xilas etməyə çalışırıq. Hazırda aktivimizdə 10 xal var. Bəlkə bundan da yaxşı ola bilərdi. Ancaq 10 xal pis nəticə deyil. Xal toplamağa davam etməliyik. Bunu bacara biləcək gücdəyik.

- Mövsümü "üçlük"də bitirəcəyinizi real hesab edirsən?
- Çox çətindir. Əvvəlki illərlə müqayisədə Premyer Liqamızda rəqabət artıb, bütün komandalar heyətini gücləndirib, hər bir komanda digərindən xal almağı bacarır. Bunu çempionatın 6 turunda gördük. Yaxşı oyunlar oynayıb, yaxşı xallar yığıb, mövsümü hansı pillədə başa vuracağımızı görəcəyik.

- Son turda evdə "Qəbələ" ilə 2:2 hesabı ilə bərabərə qaldınız. Necə oldu ki, 2:0 öndə olduğunuz görüşdən qalib ayrıla bilmədiniz?
- Rəqibi analiz etmişdik. Bilirdik ki, “Qəbələ” də xal qazanmaq istəyəcək. Onlar sonuncu pillədən qurtulmaq istəyirdilər. Ona görə ağır oyunun olacağından əmin idik. 2:0 hesabı ilə öndə idik, bəlkə də konsentrasiyamız itdi. Rəqib də bundan maksimum yararlandı. Nəticədə matçdan bir xalla ayrıldıq. Qarşıdakı matçlarda belə səhvləri etməməyə çalışacağıq.

-  "Qəbələ" ilə görüşdə bir xal qazanmağınız yəqin ki, sizi razı salmadı?
- Hesabda öndə ola-ola, sonda bir xalla kifayətlənmək təsir edir. Amma bir xal da pis nəticə deyil. Hər oyuna çıxanda xallar qazanmağa çalışırıq. Qarşıdakı görüşlərdə də bunu istəyəcəyik.


-  Növbəti turdakı rəqibiniz sabiq komandan "Sumqayıt"dır. Bu mövsümün"Sumqayıt"ı haqda nə fikirdəsən? Səncə, onları səfərdə məğlub edə biləcəksiniz?
- “Sumqayıt” da yeni futbolçular alıb. Bayaq dediyim kimi, bütün rəqiblər heyətini gücləndirib. Çox ağır oyun olacaq. Onlar da son matçda uduzub və xal qazanmağa çalışacaqlar. Biz də bunu istəyirik. Rəqibi düzgün analiz edib, xallar qazanmağa çalışacağıq.

- Hər dəfə Canni De Byazinin səni milliyə dəvət etməməsi danışılır. Höccətin yerinə sənin milliyə dəvət edilməli olduğun bildirilir. Səncə, De Byazi niyə sənə dəvət göndərmir?
- Milli haqda hər dəfə mənə sual verilir. Amma mənim işim futbol oynamaq, formada qalmaq, komandama xeyir verməkdir. Milliyə dəvət edərlərsə, canla-başla oynamağa, ürəyimlə mübarizə aparmağa hazıram. Millidə oynamaq şərəfdir. Seçimi edən baş məşqçidir. O çempionat matçlarını izləyir və kimi uyğun, hazır görürsə, dəvət edir. Milli elə yerdir ki, orada oynamaq hər bir futbolçunun arzusudur. Ümid edirəm ki, bir daha milli komandanın formasını geyinmək qismət olar.
 

writer photo
Əlirza Əlirzalı
0