Şəhriyar Məmmədyarov ilk “10-luğ”u tərk etdi, qadınlar yüksəlişdə
01.10.2022 - 10:00
Şəhriyar Məmmədyarov ilk “10-luğ”u tərk etdi, qadınlar yüksəlişdə

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın Şəhriyar Məmmədyarov ilk “10-luğ”u tərk edib.

Üç pillə geriləyən Məmmədyarov 2747 xalla 13-cü yerə düşüb. Teymur Rəcəbovda da geriləmə müşahidə olunub. Aktivində 2747 xal olan qrossmeyster 1 addım geriləyib. O, hazırda 16-cı yerdə qərarlaşıb.

Qədir Hüseynov bir rəqibini qabaqlayıb. O, aktivindəki 2661 xalla 84-cüdür. Nicat Abbasov və Rauf Məmmədov hərəyə 2646 xalla 101-102-ci yerləri bölüşdürürlər.

Reytinqə Maqnus Karlsen başçılıq edir (2856 xal). Çinli Liren Dinq 2-ci (2811), rusiyalı Yan Nepomnyaşi isə (2793) üçüncü sırada qalıb.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə irəliləməkdə davam edir. O, 3 pilləlik irəliləyişlə (2483) 18-ci yerə qalxıb. Ülviyyə Fətəliyeva də sıçrayışa nail olub. Şahmatçımız 2422 xalla 39-cu yerə qədər irəliləyib.

Gülnar Məmmədova düz 11 həmkarını üstələyərək (2389) 62-ci pilləyə qalxıb. Reytinqdə yüksəlişini davam etdirən Xanım Balacayeva artıq 66-cı yerdədir (2384). Gövhər Beydullayeva isə yenidən ilk “100-lüy”ə qayıdıb. Hazırda o, 2356 xalla 98-ci sıradadır.

Qadın şahmatçıların reytinqinə yenə Yifan Hou başçılıq edir. Çinli qrossmeysterin aktivində 2638 xal var.

writer photo
Əlirza Əlirzalı
0