“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda sabah “Nant”ın qonağı olacaq.
Apasport.az saytının məlumatına görə, ingiltərəli futbol eksperti Sem Varli bu matçla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis fransızların son vaxtlar yaxşı forma yığdığını əsas gətirərək, Bakıda rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ”ın bu uğuru səfərdə də təkrarlayacağına inanmadığını bildirib.
Bu oyunun “Nant” üçün önəmi daha böyükdür. Çünki Fransa klubu növbəti mərhələyə ümidinin tükənməməsi üçün mütləq qalib gəlməlidir. Son iki matçda 4 xal toplayan Antuan Kombuarenin yetirmələri mövsümün əvvəlindəki uğursuz çıxışı unutdurmağa başlayıb.
“Qarabağ” isə bu mövsüm mükəmməl performans ortaya qoyur. Ölkə çempionatında ardıcıl 10 qələbə qazanan Azərbaycan çempionu “Olimpiakos”u Bakıda məğlub edə bilsəydi, son iki turu formallığa çevirəcəkdi. Fransada heç-heçə “Qarabağ”ı növbəti mərhələyə daşıyacaq.
Şübhəsiz ki, “Qarabağ” qrupda “Nant”ın üz-üzə gəldiyi ən təhlükəli komandadır. Ancaq qarşılaşmanın Nantda keçiriləcəyini və ev sahiblərinin nisbətən formaya düşdüyünü nəzərə alsaq, heç-heçə qeydə alınacağını düşünürəm.
Proqnozum - 1:1