“Qızlarımız sübut etdilər ki, Azərbaycanda qadın futbolu inkişafdadır”.
Apasport.az xəbər verir ki, qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
Təcrübəli mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda Türkiyə yığması üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib: “Bizi dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm. Sayları az olsa da, sona qədər komandanın gücünə güc qatdılar. Həmçinin komandama təşəkkürümü bildirirəm. Türkiyə Superliqasında yüksək səviyyəli 16 klub çıxış edir. Milli komandaları üçün seçim imkanları genişdir. Buna baxmayaraq, bu gün komandamız möhtəşəm mübarizə ilə qələbə qazandı. Ərzincandakı görüşdə hakimlərin idarəçiliyi ürəyimizcə olmamışdı. Qapımıza heç nədən penalti təyin olundu, üstəlik, bizim lehimizə bir onbirmetrlik verilmədi. Həmçinin qızlarımızda həyəcan da var idi. Çünki böyük kütlə qarşısında çıxış edirdilər. Türkiyədəki oyunda minimum 1 xal qazana bilərdik”.
Qeyd edək ki, Türkiyə yığması üzərində 1:0 hesablı qələbə qazanan Azərbaycan milli komandası xallarının sayını 4-ə yüksəldib.