Slovakiya yığmasını Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı
31.08.2022 - 14:00
Slovakiya yığmasını Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı

Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Slovakiya Futbol Assosiasiyası yeni çalışdırıcının adını rəsmi saytı vasitəsilə açıqlayıb.

Yerli qurum bu posta italiyalı Françesko Kaltsonanı gətirib. 53 yaşlı mütəxəssislə 2023-cü ilin sonunadək müqavilə imzalanıb. Əgər o, komandanı AVRO-2024-ə çıxara bilsə, sözləşmə avtomatik olaraq turnirin sonuna qədər uzadılacaq.

Kaltsona bu vəzifədə 49 yaşlı slovakiyalı Stefan Tarkoviçi əvəzləyib. O, əvvəllər “Perucia”, “Alessandriya”, “Sorrento”, “Empoli”, “Napoli” və “Kalyari” kimi klublarda köməkçi məşqçi vəzifəsində çalışıb.

Qeyd edək ki, C liqasının 3-cü qrupunda 4 turdan sonra Slovakiya 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Adıçəkilən komanda növbəti oyununu sentyabrın 22-də evdə Azərbaycan millisinə qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0