Stanislav Çerçesov: “Budapeştdə hər şey yenidən başlayacaq”
03.08.2022 - 22:10
Stanislav Çerçesov: “Budapeştdə hər şey yenidən başlayacaq”

“Qarabağ"ın bəzi futbolçularının yoxluğunun fikrimcə, onların oyununa mənfi təsiri yox idi. Ancaq yenə də bu onların tam gücü barədə cavab görüşündən sonra danışmaq olar". 

Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan qarşılaşmanın ardından mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Rəqibin evdə oynaması və azarkeş amilini qeyd etmək lazımdır. Bu səbəbdən bəzi anlarda geri çəkilirdik. Ancaq bu o demək deyil ki, tam olaraq müdafiədə oturmuşduq. Bundan əlavə, hava şəraitinin də oyunumuza təsiri oldu. Ancaq bizim də 1-2 qol imkanımız oldu. Bu onu göstərir ki, müdafiə futbolu göstərmədik".

- Komandanızın oyunundan, yoxsa nəticədən daha çox razı qaldınız?
- Var oyun, var nəticə. Komanda bütün lazımi sözləri məndən sabah eşidəcək. Elə məqamlar var ki, yalnız öz daxilimizdə danışılır.

- Ramil Şeydayev vaxtilə Rusiya futbolunun gələcəyi hesab olunurdu. Onun bugünkü səviyyəsi sizi nə dərəcədə təəccübləndirir və enişini nə ilə izah edə bilərsiniz?
- Şeydayevi çox yaxşı tanıyıram. Amma hazırda başqa komandanın üzvüdür. Onun oyununu yalnız həmkarım qiymətləndirməlidir. Mənim hər hansı qiyməti verəyim düzgün olmaz.

- Cavab matçı öncəsi şansları necə dəyərləndirərdiniz?
- 1:1 hesabı o deməkdir ki, Budapeştdə hər şey yenidən başlayacaq.

- Mövsümün əvvəli ilə müqayisədə komandanızın hazırkı oyunu barədə nə deyə bilərsiniz?
- Artıq 4-5 rəsmi oyun keçirmişik. Bir neçə çətin səfər matçlarına çıxdıq. Həm bizim, həm də "Qarabağ"ın heyətində artıq zədəli oyunçular var. Amma istənilən halda komandamı təbrik etmək istəyirəm. Çünki futbolçularım qarşıya qoyulan tapşırıqları yerinə yetirmək iqtidarındadır.

writer photo
Əlirza Əlirzalı
0