“Uzun müddətdir komandadan ayrı idim. Çünki zədəli idim”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Voislav Stankoviç deyib.
Serbiyalı müdafiəçi klubun mətbuat xidmətinə açıqlama verib. O, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışını dəyərləndirib: “Artıq zədə ilə bağlı vəziyyət yaxşıdır. Komanda ilə məşq edirəm. Hazırlığımız çox yaxşı gedir”.
Zədədən sonra komandaya qoşulan futbolçu mövsümün ikinci yarısının startına tam hazır olacağını bildirib: “Komanda yaxşı məşq edir. “Sabah”la matça 10-14 gün qalıb. Həmin qarşılaşmaya hazır olacağam”.
Təcrübəli futbolçu “Neftçi”nin arxa xəttindəki dəyişikliyə, Höccət Haqverdinin transferinə də münasibət bildirib: “Komandamıza yeni futbolçu gəlib. Milli üzvü Höccət Haqverdi komandaya çox kömək edə biləcək. Azər Salahlı da həm cinah, həm mərkəzdə oynaya bilir. Bu dəyişikliklər müdafiə xəttinə kömək olacaq”.
Qeyd edək ki, “Neftçi” qış fasiləsinə turnir cədvəlinin üçüncü pilləsində yollanıb.