"Neftçi"nin sabiq hücumçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- Azərbaycan kubokunda “Neftçi” – “Qəbələ” finalını izlədin?
- Əlbəttə ki, baxdım. Finalı qaçırmaq olmazdı. Düzünü desəm, "Neftçi"nin qalib gələcəyini gözləyirdim. Çünki onların titul qazanması üçün son şans idi. Amma bunu edə bilmədi. Həm də yaxşı futbola azarkeşlik edirdim. Şadam ki, bu alındı və yaxşı futbol gördük.
- "Neftçi" bu mövsüm titulsuz qaldı. Bu barədə fikrin necədi?
- "Qəbələ" layiqli şəkildə qələbə qazandı və titula yiyələndi. Onlar oyun başlayandan hücumameyilli oynadı, daha çox qol axtarışında idi. Əlbəttə ki, "Neftçi" də kuboku istəyirdi. Buna tam əminəm. Ancaq bu, onlarda alınmadı.
- "Neftçi" çempion da ola bilmədi, kuboku da qazanmağı bacarmadı. Səncə, yeni mövsümdə çempionluq üçün onlar nə etməlidir?
- Çempion ola bilməmək, kuboku qazanmamaq təbii ki, üzücüdür. "Neftçi" hər zaman güclü olub və həmişə yüksək yerlər uğrunda mübarizə aparıb. Çempionluqlar, kuboklar qazanmağı bacarıblar. Amma bu mövsüm onlarda alınmadı. Nə və kimi dəyişmək lazımdır, onu artıq rəhbərlik deyə bilər.
- Səncə, Laurentsiu Regekampfla davam etməlidirlər?
- Baş məşqçi komanda üçün çox şeyi ifadə edir. Əgər sən doğru baş məşqçi seçmisənsə, bu, uğurun əsas hissələrindəndir. Regekampfın doğru seçim olmadığını da demirəm. Ümumi danışıram. Yəqin ki, "Neftçi"də də dəyişikliklər olacaq. Baş məşqçini dəyişəcəklər, ya yox, onu zaman göstərəcək.
- Komanda avrokuboklarda mübarizə aparacaq və buna heç də çox vaxt qalmayıb. "Neftçi"dən uğurlu nəticə gözləyirsən?
- Hər şey mümkündür. Əgər daxili yarışlarda uğursuz olublarsa, bu, avrokuboklarda da belə olacağı demək deyil. İnanıram və ümid edirəm ki, "Neftçi" avrokuboklarda uğurlu nəticələr qazanaraq azarkeşləri sevindirəcək. Bunu çox istəyərəm.