“Qarabağ” artıq 9 ildir ki, avrokuboklarda qrup mərhələsində iştirak edir. Bu, bizim üçün böyük uğurdur”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl “beIN SPORTS” kanalına açıqlamasında deyib.
Klub rəhbəri bildirib ki, Ağdam təmsilçisinin Avropada tanınması Ulu öndər Heydər Əliyevin ən böyük arzusu olub: “Qarabağ” dünyada tayı-bənzəri olmayan çox gözəl hekayəyə sahibdir. “Qarabağ” öz Vətəninə həsrəti dilə gətirən bir klub olaraq yola çıxdı. Bu klubun Avropada tanınması Ümummilli lider Heydər Əliyevin ən böyük xəyalı və əmri idi. Biz də bu müqəddəs vəzifəni üzərimizə götürdük”.
O, baş məşqçi Qurban Qurbanovun gördüyü işlərdən danışıb və ölkə başçısı İlham Əliyevin dəstəyini daim hiss etdiklərini vurğulayıb: “14 il əvvəl baş məşqçimiz Qurban Qurbanovla möhtəşəm yola çıxdıq. Qarabağ adının məsuliyyətinin, mənəviyyatının, xalqımız, türk dünyası üçün olan önəminin fərqində idik. Qurban hocanın da mənəviyyatı, dürüstlüyü, şəxsiyyəti, peşəkarlığı və liderliyi ilə, əldəki imkanlarla möcüzələr yaradan məşqçi üslubu ilə klubu buralara gətirdik. Bu klub Azərbaycan xalqının möhtəşəm sevgisini gördü. Cənab Prezident İlham Əliyev təkcə gözəl yox, çətin günlərimizdə də bizi yanına çağıraraq dəstək verdi. Bu, bizim üçün inanılmaz mənəvi hekayə oldu”.
Tahir Gözəl 2020/21 mövsümündə Avropa Liqasının qrup mərhələsində ev oyunlarını İstanbulda keçirmələrini də yada salıb: “II Vətən Müharibəsi zamanı UEFA-dan tələb gəldi ki, ev oyunları üçün başqa ölkə seçin. Təbii ki, bizim üçün seçim deyilən bir şey yoxdur. Ev matçlarımız Türkiyədə, öz Vətənimizdə olmalı idi. Rəqibləri “Başakşehir”in stadionunda qəbul etdik, hətta qrupda “Sivasspor”la da qarşılaşdıq. Həmin vaxt koronavirus pandemiyasına görə boş tribunalar önündə çıxış edirdik. Amma ora gedəndə Türkiyədə yüzlərlə konvoyla qarşılaşdıq və yola salındıq. Çox gözəl mənəvi duyğular yaşadıq. Buna görə çox xoşbəxtik”.