“Qarabağ”ın sabiq futbolçusu Təbriz Həsənovun apasport.az saytına müsahibəsi
- "Qarabağ" Premyer Liqada hazırda ikinci pillədədir. Onların lider olmaq şanslarını necə dəyərləndirirsiz?
- Bu mövsüm Premyer Liqada oyunlar maraqlı keçir, sürprizlərlə doludur. Gözləntisi olan bir çox komandalar hazırda istədiyi nəticələri verə bilmir. Amma çox da gözləntisi olmayan komandalar qalib gəlir, yüksək yerlərdədir. Çempionat nə qədər maraqlı olsa da, "Qarabağ" liqada yenə də ən güclülərdəndir. Böyük ehtimalla yenə "Qarabağ" çempion olacaq. Göstərdiyi oyun və yığdığı heyət buna işarə verir. Qarşıdakı matçlar hər şeyi göstərəcək.
- Azərbaycan çempionu "Qarabağ" sabah "Bayer" önünə çıxacaq. Bu matçda "Qarabağ"ın şansları barədə fikriniz necədir?
- Təbii ki, çətin olacaq. "Bayer"in hazırkı durumu çox yaxşıdır. Daxili çempionatlarında birinci yerdədirlər, özü də məğlubiyyətsiz gedirlər, bir bərabərlikləri var, onu da "Bavariya" ilə ediblər. Çox yaxşı komandadır, çox yaxşı baş məşqçisi var. Xabi Alonso komandanı yenidən qurub, "Bayer" indi daha yaxşı oynayır. Onlar hazırda ispan futboluna yaxın oyun göstərirlər. "Qarabağ" kimi topla oynamağı xoşlayırlar, hücumlarını mövqe oyunundan qururlar, rəqibin boşluqlarını tapan kimi həmin yerdən də sürətli hücum qurub qol vururlar. Hər halda, "Qarabağ"ın beynəlxalq oyun təcrübəsi var. Keçən il "Frayburq"la "Qarabağ"ın səfərdəki oyunu ən yaxşılardan biri idi. Baxmayaraq ki, uduzduq. Hakim səhvləri də olmuşdu. Ancaq "Qarabağ" almanlara qarşı ən yaxşı oyunlardan birini oynamışdı. Hətta almanlar da buna təəccüblənmişdi. İstəyərdik ki, ən azından "Qarabağ" həmin oyunlarından birini oynasın. Ümid edirik ki, ən azından heç-heçə etsəydi, yaxşı olardı. Uğurlar arzulayıram.
- Leverkuzendə qalibiyyət şansları nə dərəcədədir?
- Təbii ki, hər iki komanda meydana qələbə üçün çıxır. "Qarabağ" səfərdə - Leverkuzendə heç-heçə etsə, bizim üçün elə qələbə kimidir. Çünki "Qarabağ"ın altı xalı var və ikinci yerdədir. Heç-heçə onun üçün üç xala bərabərdir.
- Sizcə, "Qarabağ" "Bayer"ə qarşı necə oynayacaq?
- "Qarabağ"ın "Bayer"ə qarşı necə oynamasına gəlincə, inanmıram ki, qapanacaqlar. Onlar hər zaman öz oyununu diqtə edir. İstər yerli, istərsə də, beynəlxalq görüşlərində özünə xas oyun stilindən kənara çıxmır. Çalışırlar ki, rəqibə öz oyununu maksimum diqtə etsin. Məncə, "Qarabağ" öz oyun üslubuna davam edəcək. Rəqib də güclüdür. Mətbuatdan çox oxuyuram, "Bayer" "Qarabağ"ı çox ciddi rəqib sayır və stadionu tam doldurmaq üçün bir çox şeylərə əl atıb. Biletlərin qiymətini aşağı salıb ki, insanlar daha çox gəlsin, tələbələrə pulsuz içkilər və maykalar paylanacaq. Bunların hamısı onu göstərir ki, dəstək üçün azarkeş yığırlar. "Qarabağ" artıq Avropada, Almaniyada da yaxşı tanıyırlar və onlara qarşı yaxşı hazırlaşırlar. Almanlar hamını ciddiyə alır. "Bayer"in sadaladığım hazırlığı da təəccüblü deyil. Maraqlı və tempi yüksək matç olacaq. Ümid edək ki, "Qarabağ" istədiyimizi nəticəni əldə edəcək.
- "Qarabağ"ın qrupdan çıxmaq şansları nə qədərdir? Yəqin ki, bundan sonra şansı əldən verməzlər?
- "Qarabağ"ın qrupdan çıxmaq şansı var. Ən azından "Bayer"lə iki oyundan sonra daha yaxşı bilinəcək. Şansımız odur ki, digər rəqiblərimizdən altı xal öndəyik, həmin rəqiblərlə də oyunumuz olacaq. "Qarabağ" "Bayer"dən xal götürə bilməsə, "Molde" və "Haken"dən lazım olan xalları alacaq, mərhələni adlayacaq. "Bayer"lə oyundan da ümidliyəm, oradan xalla da qayıda bilərik."Qarabağ"ın qrupdan çıxmaq şansı 70-80 faiz görünür. Ən azından ikinci yerlə çıxa bilər. "Bayer"lə oyunlarda yaxşı nəticələrə ümid edirik. Hər qazanılan xal onları daha irəli aparır. "Qarabağ" "Molde" və "Haken"lə görüşlərdə qrupdan çıxmaq şansını 50 faiz həll edib. "Qarabağ"ın növbəti mərhələyə çıxmaq ehtimalını yüksək görürəm. Əgər "Bayer"dən də xal ala bilsək, bizim üçün daha rahat olacaq. Demək olar ki, qrupdan çıxmaq şansını daha da çoxaldacağıq. Təmsilçimiz bu qrupdan çıxmağa layiqdir və çıxacaq.