Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə
18.11.2024 - 17:17
Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə

“Neftçi” və “Kəpəz”in sabiq kapitanı Tural Axundov apasport.az saytına müsahibə verib.

- Aktiv futbolçu karyeranı başa vurmusan? Hazırda nə işlə məşğul olursan?
- Bəli, bir ildən çoxdur ki, karyeramı başa vurmuşam. Ağır olsa da, başa vurmalı oldum. Hazırda "Beşiktaş"ın Bakıdakı idman məktəbində işləyirəm. Sağ olsun, Kadir Özbəy mənə təklif göndərdi. Mən də qəbul etdim. Şükür Allaha, hər şey yaxşıdır. İnanıram ki, burada yaxşı futbolçular yetişəcək və gələcəkdə milliyə faydalı olacaqlar.

- Son olaraq karyeranı "Kəpəz"də başa vurdun. Gəncə klubundan ayrıldıqdan sonra sənə təkliflər gəlmədi?
- Təkliflər gəldi. Sadəcə Birinci Liqadan idi. Ona görə də qəbul etmədim. Həm də zədəm var idi. Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa, karyeramı bitirsəm yaxşıdır. Elə də etdim. 

- “Neftçi”də kapitan sarğısını da daşıyırdın. “Neftçi”dəki dövrlərini necə xatırlayırsan? 
- Bəli, kapitan sarğısını az da olsa, daşıdım. "Neftçi" kimi klubda kapitan sarğısını daşımaq böyük məsuliyyət tələb edir. "Neftçi"də yaxşı günlərim də oldu, pis günlərim də. Yaxşı günlər həmişə yaddaqalan olur. Orada 2 ildən də çox qala bilərdim. Sağolsun, Füzuli Məmmədov. Müqaviləni yeniləmədik, özü də heç bir ay qalmadı, getdi. Uğurlar ona da.

- “Neftçi”də bir il də qalsaydın, çempionluq sevinci yaşayacaqdın. Amma həmin vaxtı komandanı dəyişdin. “Neftçi”də çempionluq sevinci yaşamadın…
- Əlbəttə ki, hamı çempion olmağı istəyər. "Neftçi"də çempion olmaq arzum idi. Ancaq yenə də "Neftçi" çempion oldu. Buna çox sevindim. Çünki "Neftçi"yə hər zaman çempionluq çox yaraşır.

- “Neftçi”nin hazırkı durumunu necə dəyərləndirirsən? “Neftçi”nin  bu mövsüm və ümumiyyətlə, son mövsümlərdəki uğursuz çıxışı haqda fikrin necədir?
- "Neftçi"də futbol başqa cür olub. Altı aydan bir məşqçi, futbolçu dəyişdirilir. Ona görə də orada stabil oyun yoxdur. Hazırda "Neftçi"nin oyunu məni çox məyus edir. Allah qoysa, tez bir zamanda oyunlarını taparlar. Məncə, bir məşqçiyə 2-3 il versələr, daha yaxşı olar.

- “Neftçi” Roman Qriqorçuku baş məşqçi postuna gətirdi, sonradan onu göndərdi və Samir Abasovu gətirdi. Səncə, sabiq komandan Samir Abasovla uğurlu nəticə qazana biləcək?
- Vallah Roman Qriqorçuk ora gəlməməliydi. Ondansa, yerli məşqçilərə şans verilməli idi. Tərlan Əhmədovu misal çəkə bilərəm. Amma gətirmədilər. Bunlar mənlik məsələlər deyil. Samir müəllim yaxşı məşqçidir, çox şey tələb edir. Samir müəllimə də uğurlar arzu edirəm. Ona da şans verilməlidir.

- Məşqçi fəaliyyətində "Neftçi"də işləmək kimi məqsədin, xəyalın var?
- Əlbəttə ki, var. Allah qoysa, olacaq. Hər şeyin vaxtı var. "Neftçi"də işləmək istəyərəm. Ona görə də hər şeyi birdən etmək olmaz. Görək də, gələcəkdə nələr olacaq.

- “Kəpəz"də də kapitan sarğısı daşımısan. Səncə, "Kəpəz" son illərdə niyə ancaq elə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır?
- "Kəpəz" çox bərbad yerdir. Sizcə, qışda yaş forma ilə məşq etmək olar? Əlbəttə ki, yox. Nə vitamin var idi, nə başqa şey. Bir gün su gəlir, 3 gün su gəlmirdi. İndi orada vəziyyət necədir bilmirəm. Çox şey dəyişməlidir. "Kəpəz" köklü klubdur. "Kəpəz" "Neftçi", "Qarabağ" kimi klub olmalıdır. Hər şey yerində olmalıdır. Rəhbərlik və orada olan bəzi qüvvələr "Kəpəz"dən uzaqlaşmalıdır. Ondan sonra "Kəpəz" düzələr.

writer photo
Əlirza Əlirzalı
0