“Araz-Naxçıvan”ın müdafiəçisi, Azərbaycanın əsas millisinə dəvət edilən Turan Manafov apasport.az saytına müsahibə verib.
- Azərbaycan milli komandasına dəvət edildin. Təəssüratın necədir?
- Təbii ki, əla hisslər keçirirəm. Milli komandaya dəvət edildiyim üçün şadam. Hər bir futbolçu millidə oynamaq istəyər. Mən də həmçinin. Ona görə də, çox sevincliyəm.
- Dəvət ediləcəyini heç gözləyirdin?
- Bəli, düzünü deyim, dəvəti gözləyirdim. İnanırdım ki, millinin bu dəfəki toplanışına dəvət ediləcəm.
- Əvəllər U-21 yığmasında oynamısan, amma milliyə ilk dəfədir cəlb edilirisən. Bundan sonra uzun illər millidə qalmaq mümkün olacaq?
- Bəli, əvvəllər U-21 yığmasında oynamışam. A milliyə ilk dəfədir cəlb olunuram. Çalışacam ki, özümü göstərim və milliyə dəvətim daimi olsun. 25 yaşım var. Məncə, artıq cavan futbolçu deyiləm. Orta yaşlı olduğumu demək olar. Yəni bundan da tez milliyə dəvət almaq istəyərdim. Bu vaxta qismət imiş.
- Azərbaycan milli komandasına dəvət almağın klub karyeranda irəliləyişinə kömək olacaq?
- Bunu ancaq zaman göstərəcək. Necə olacağını gələcəkdə görəcəyik. Hər şey mövsümün axırı bilinəcək. Yəni, kömək olacaq ya, yox mövsümün sonunda görəcəyik. Ancaq iddialı yerlərə getmək üçün məncə hər şey öz əlimdədir.
- Artıq millinin düşərgəsinə qoşulmusan. Məşqlər necə gedir?
- Məşqə dünən qoşulmuşam. Hər şey qaydasındadır. Qarşıdakı oyunlara hazırlaşırıq.
- Azərbaycan millisini qarşıda İsveç və Belçika ilə oyunlar gözləyir. Bu matçlar haqda fikrin necədir? Səncə, yığma bu oyunlardan uğurlu nəticə ilə ayrıla bilər?
- Bilirəm ki, güclü və yaxşı rəqiblərdir. Ancaq niyə də olmasın? Düzü, futbolda ad-san rol oynamır. Əsas olan meydanda göstərdiyin oyundur. Ona görə də ada fikir verməyib, oynamaq lazımdır. İnanıram ki, iki oyundan da xal qazanacağıq. Hər şey öz əlimizdədir. Yaxşı oyun göstərib, deyilənləri yerinə yetirə bilsək, xal qazana bilərik.
- Sənə şans verilməsi ilə bağlı fikrin necədir? Bu görüşlərdə oynayacağına inanırsan?
- Bu haqda nəsə deməyim düzgün olmazdı. Çünki bu mənim verə biləcəyim qərar deyil, məşqçilərin qərarıdır. Şans veriləcəksə, çıxıb əlimdən gələni edəcəm. Verilməsə də, nə vaxtsa verilməsini səbirlə gözləyəcəm.