“Turan Tovuz”un kapitanı: "İstəyərik ki, mükafatçılar sırasına düşək" - Müsahibə
29.01.2024 - 10:18
“Turan Tovuz”un kapitanı: "İstəyərik ki, mükafatçılar sırasına düşək" - Müsahibə

“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Apasport.az saytına müsahibə verib:

- Premyer Liqanın 20-ci turunda "Səbail"ə qalib gəldiniz. Qarşılaşma sizin üçün necə alındı? 3:1 hesablı qalibiyyəti necə şərh edərdin?
-  Oyunun çətin olacağını bilirdik. “Səbail”in də necə futbol oynadığını görürük. Bilirdik ki, çətin olacaq. Ötən turda da uduzmuşduq. Çalışırdıq ki, qalib gələk. Şükürlər olsun ki, qələbə qazandıq. Rəqibin boşluqlarını bilirdik. Məşqlərdə işlədiyimiz taktikalar da alındı və qalib gəldik.

- "Turan Tovuz" niyə layiq olduğu yerdə deyil?
- Elə oyunlarımız olub ki, fərdi səhvlərdən qollar buraxmışıq. Elə xallar itirmişik ki... O xalları itirməsəydik, ilk "dördlük"də də yer alardıq. Amma heç nə itirilməyib. Çempionat davam edir, mövsümün ortasındayıq. Hər oyun rəqiblərdən xal almağa çalışacağıq. Mövsümün sonunda hansı pillədə olacağımız görünəcək.

- Səncə, mükafatçılar sırasına düşməyi bacaracaqsız?
- Reallıqla danışsaq, bu çətindir. Çünki hər komanda digərindən xal ala bilir. Elə komanda var ki, heyəti daha genişdir. Bizim məqsədimiz hər oyunda rəqiblərə başağrısı olmaq, hər rəqibdən xal almaqdır. Görək, necə alınacaq. Qismət olarsa, biz də istəyərik ki, mükafatçılar sırasına düşək.

- Hakimlər sizə qarşı qərəzli qərarlar verir? "Kəpəz"lə matçda da hakimlikdən narazı qaldınız. Bu haqda fikrin necədir?
- Bəli,”Kəpəz”lə matçda qırmızı vərəqə epizoduna görə, hakimlikdən narazılıq oldu. Məncə, bir epizodda rəqibə də qırmızı vərəqə düşürdü. Amma epizoda baxılmadı. Düzdür, hakimlər də səhv edə bilər. Biz futbolçular necə səhv edə biliriksə, hakim də saniyə ərzində qərar verə bilər. Səhvsiz insan yoxdur. Hər şeyi hakimlərin üzərinə də atmaq olmaz. Hakim hansısa epizodda qərar verər ya, verməz, amma biz çalışırıq ki, ideal oynayaq və uğurlu nəticə qazanaq.


- Ümumiyyətlə, necə düşünürsən, hakimlərin səhvinə görə "Turan Tovuz" bu mövsüm xaldan olub? 
-Bəli, elə oyunlarımız oldu ki, hakim səhvləri birbaşa nəticəyə təsir edib. Amma elə xallar itirdik ki, bəlkə də həmin xallara görə indi ilk “dördlük”də ola bilərdik. Biz hakimlik məsələsini kənara qoymuşuq, bu haqda ümumiyyətlə danışmaq istəmirik. Öz oyunumuzu yaxşılaşdırıb, nəticələrimizi düzəltmək istəyirik.

- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Bu oyunla bağlı fikrin necədir? "Sabah"ı məğlub edə biləcəksiz? Bu komanda ötən mövsümün gümüş mükafatçısıdır, bu mövsüm isə o qədər də yaxşı çıxış etmir...
- Düşünmürəm ki, “Sabah” o qədər də yaxşı deyil. Çempionatın ikinci hissəsi indi başlayıb. Liqada elə vəziyyətdir ki, ardıcıl 2-3 oyunda qalib gələndə, dördlüyə qalxa bilirsən. Bu həftə də gördük, 10 nəfərlə “Zirə”yə qalib gəldilər. Bu, “Sabah”ın gücünü göstərir. Onlar hər mövsüm liqada mükafatçılar sırasına düşmək üçün oynayan komandadır. Maliyyə baxımından və heyətin genişliyinə görə öndə olan komandalardandır. Biz onlara qarşı yaxşı mübarizə aparıb, düzgün analiz etsək, yaxşı nəticə əldə edərik.

- Bu mövsüm "Sabah"a qarşı keçirdiyiniz oyunu necə xatırlayırsan? "Sabah"la bu mövsüm oynamaq ötən mövsüm oynamaqdan daha asandır?
- “Sabah”da da Aleksey İsayevin, Coy-Lens Mikelsin, Aleksey Kaşukun gedişi və yeni gələnlərin adaptasiya olması vaxt alan bir şeydir. Keçən mövsüm onlar komandanın əsas fiqurları idi. Yeni futbolçuların gəlməsi çətinlik yaradır. Amma məncə, futbolçu gedə də bilər, yenisi gələ də bilər. Əsas olan baş məşqçinin taktikası, sistemidir. “Sabah” kimlə oynasa da, öz taktikası ilə oynayır. “Sabah” çempionluq uğrunda mübarizə aparan komandadır. Bizim üçün də fərqi yoxdur, “Sabah”ın ötən mövsümkü ya bu mövsümkü heyəti... Çalışacağıq ki, rəqibi analiz edək, boşluqlarını tapaq və uğurlu nəticə qazanaq.    

writer photo
Əlirza Əlirzalı
0