“Turan Tovuz”un braziliyalı hücumçusu, Premyer Liqanın 26-cı turunun “Araz-Naxçıvan”la görüşündə dubl edən Aleks Souza apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan”la görüşdə qalib gəldiniz. Oyun barədə fikirlərin necədir?
- Əslində, bizim üçün çox yaxşı oyun oldu. Həftə ərzində çox çalışdıq, yaxşı hazırlaşdıq. Bu oyunda biz qalib gəlməliydik. Onlar üçün də belə idi. Amma bu cür oyunlarda qol imkanınız varsa, bundan mütləq istifadə etməlisiniz. Mən də iki qolla komanda yoldaşlarıma kömək etdiyim üçün xoşbəxtəm.
- Meydana daxil oldun və iki qol vurdun. Maraqlıdır, meydana çıxmamışdan qabaq nə düşünürdün, iki qol vurub komandana qələbə qazandıracağına inanırdın?
- Anlaşılmaz hissdir. Düzünü deyim, heç düşünmürdüm ki, ikinci hissədə meydana daxil olub iki qol vuracam. Amma bunun baş verməsinə görə çox xoşbəxtəm. Sizə etiraf edim ki, oyundan bir gün əvvəl otağımda, Allaha dua edib, ondan mənə xeyir-dua verməsini istəyirdim.
- Komandaya yeni gəlsən də, artıq 4 qol vurmusan. Azərbaycan çempionatına və “Turan Tovuz”a erkən uyğunlaşmanın səbəbi nə oldu?
- Kluba gələndə anladım ki, doğru yerdəyəm. Futbolçular və məşqçilər mənə hər cür dəstəyi verirlər. Biz konkret vahid ailəyik. Bu da mənə kömək edir. Hər halda, mən də onlara kömək etməyə gəlmişəm. Komandanın məqsədlərinə çatmasına kömək etmək üçün qollar vurmağa davam etmək istəyirəm. Yaxşı komandamız var, çox şey edə bilərik.
- Növbəti turdakı rəqibiniz “Qarabağ” komandasıdır. Evdə “Qarabağ”ı məğlub edə biləcəksiz?
- Çətin oyun olacağı dəqiqdir. Bilirik ki, “Qarabağ”ın əla oyunçuları və yaxşı baş məşqçisi var. Onlara hörmətlə yanaşırıq. Əlbəttə ki, biz də yaxşı oyun göstərməyə çalışacağıq.
- “Qarabağ”a qol vurmaq istəyirsən? Sənin üçün də özünü göstərmək baxımından yaxşı şansdır...
- Bilirik ki, qollar öz-özünə gəlir. Təbii ki, “Qarabağ”la matçda qol vurmaq istəyirəm. Ən əsası yaxşı oyun göstərmək və komanda yoldaşlarıma kömək etmək niyyətindəyəm. Ümidvaram ki, bu görüşdə komandamız üçün hər şey yaxşı alınar.