“Turan Tovuz”un panamalı müdafiəçisi Roderik Millerin apasport.az saytına müsahibəsi
-“Turan Tovuz” son oyunda “Kəpəz”ə qalib gəlməyi bacardı. Matç sizin üçün necə keçdi?
-İlk dəqiqələr oyun bir az gərgin keçdi. Sonra bunun öhdəsindən gəldik. Elə bundan sonra meydanda özümüzü daha inamlı hiss etdik. Qollarımızı vurub qalib gəldik.
-Bu matç “qərb derbisi” adlandırılır. Derbi ab-havasını hiss etdin?
-Təbii ki, “Turan Tovuz” azarkeşləri bizə çox dəstək olurlar. Onlar hər oyun əla atmosfer yaradırlar. Çox şadıq ki, azarkeşlərimiz hər zaman bizimlədir.
-Vurduğun qoldan əvvəl “Kəpəz”in oyunçuları epizodun künc zərbəsi olmadığına etiraz edirdilər. Bu barədə nə deyəcəksən?
-Bunlar hakimin verdiyi qərarlardır. Futbolçu kimi həmin qərarlara hörmətlə yanaşıram. Bilirsiniz, bunlar sıxlıqla baş verən hadisələrdir. Sırf həmin epizodla bağlı şərh verə bilməyəcəm. Çünki epizoddan çox uzaqda idim.
-Tez-tez qollar vurursan. Əvvəlki klublarında da çox qol vururdun?
-Əlbəttə, əvvəllər də qollar vururdum. Amma hesab edirəm ki, davamlılıq, inam və təcrübə işin nəticəsidir. Bu da öz bəhrəsini verir. İndi komandama kömək etmək üçün çox yaxşı vaxtdır.
-Sən həm də Panama millisinin üzvüsən. Hər dəfə milliyə dəvət ediləndə, Tovuzdan Panamaya getmək yorucu gəlmir?
-Mənim üçün öz millimdə oynamaq üçün məsafənin önəmi yoxdur. Açığı, Panamaya gedib-gəlmək mənə o qədər də çətin gəlmir. Artıq uzun səfərlərə öyrəşmişəm. Millidə də, “Turan Tovuz”da da sevərək oynayıram.
-Növbəti turda “Səbail”lə qarşılaşacaqsınız. “Səbail” haqda nə düşünürsən?
- “Səbail” yaxşı rəqibdir. Amma həmişə dediyim kimi, matç meydanda oynanılır və qələbəni də orada qazanırsan. Biz oyuna optimal şəraitdə gəlmək üçün çox çalışacağıq.
-“Turan Tovuz” hazırda 15 xalla 6-cı pillədə qərarlaşıb. Bu vəziyyət sizi qane edir?
-Futbolda iddialı olmalıyıq, həmişə qalib gəlmək üçün oynamalı və matçlara 100% fokuslanmalıyıq Biz komanda olaraq daha çox şeyə can atırıq. Nailiyyət üçün həmişə meydanda və meydandan kənarda hər şeyi verməliyik.
-Avrokuboklara vəsiqə qazana biləcəyinizi düşünürsən?
-Hər şey prosesin gedişindən asılıdır, gündən-günə bir-birimizə uyğunlaşırıq, komanda yoldaşlarımızı daha yaxından tanıyırıq və məşqçinin taktikasına əməl edirik. Nəyə layiq olduğumuza qərar vermək üçün hələ tezdir, amma təbii ki, bunu istəyirik. Hər şeyi addım-addım etmək lazımdır, bunun fərqində olmalıyıq.