"Xəzər Lənkəran"ın sabiq forvardı, Kosta-Rika millisinin üzvü Uinston Parks apasport.az saytına müsahibə verib.
- Hazırda nə işlə məşğulsan, futbol sahəsindəsən, yoxsa futboldan kənar?
- Mənim “Winfet” adında elit futbolçularla bağlı kompaniyam var. İdman məsləhətləri veririk. Bununla yanaşı, həm də yeni oyunçular axtarırıq. Ümumilikdə, yəni, futbol sahəsindəyəm.
- Heç Azərbaycan futbolunu izləyirsən? Azərbaycan futbolu ilə bağlı son dəfə hansı məlumata sahibsən?
- Səmimi desəm, xeyr izləmək imkanım olmur. Vaxtım olmadığı üçün bunu edə bilmirəm. Son eşitdiyim məlumat “Qarabağ”ın avrokuboklarda pley-off mərhələsinə adlaması və bu mövsüm uğurlu çıxış etməsi olub.
- Bəs, "Xəzər Lənkəran"ın hazırda fəaliyyət göstərməməsi ilə bağlı necə, məlumatın var idi? Bu haqda nə düşünürsən?
- Bəli, “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırması ilə bağlı məlumatım var. Həqiqətən, bu, çox üzücüdür, kədərlidir. Hər halda, Azərbaycan futbolu üçün də yaxşı olmayan hadisədir. Çünki Lənkəran yeni futbolçu nəsli üçün fürsət idi. Amma indi komandanın olmaması çox pis vəziyyətdir.
- “Xəzər Lənkəran”dakı oyunları necə xatırlayırsan? Hansı matç sənin üçün daha unudulmaz, daha yaddaqalandır?
- “Xəzər Lənkəran”da olduğum vaxtlar futbol həyatımın ən gözəl anlarından biri idi. Çünki həmin vaxtı çox yaxşı komandamız var idi, ailə kimi idik. “Xəzər Lənkəran”ın heyətində bütün qollar, bütün oyunlar mənim üçün unudulmazdır. Səhv etmirəmsə, final idi, “İnter”ə qol vurmuşdum. O, ən unudulmaz qolumdur.
- "Xəzər Lənkəran" - "Neftçi" matçı necə adlanırdı, xatırlayırsan? Həmin görüşlər sənin üçün də həqiqətən xüsusi idi?
- Əlbəttə, xatırlayıram. “Böyük oyun” deyirdilər. “Neftçi” ilə oynamaq hər zaman çətin və çox özəl idi. “Neftçi”yə qalib gəlmək bizim üçün hər zaman xoş idi.
- Ümumiyyətlə, "Xəzər Lənkəran"a keçidin necə alınmışdı? "Xəzər Lənkəran" üçün hansı klubdan imtina etmişdin?
- O vaxtı “Poli Timişoara” klubunda oynayırdım. Maaşlara görə Rumıniya klubu ilə problemim yaranmışdı. Mirça Rednik məni Rumıniyadan tanıyırdı. Orada necə oynadığımı görmüşdü. Klubla problem yaşadığımı biləndə mənə təklif göndərdi və “Xəzər Lənkəran”a keçdim. Bu komandada oynamağı çox sevdim. Oradakı karyeram unudulmaz və gözəl idi.
- Hazırda Azərbaycan Premyer Liqasında hegemonluq edən komanda "Qarabağ"dır. Bu sənin üçün gözlənilməz deyil ki? Ağdam təmsilçisinin hegemonluğu barəsində nə düşünürsən?
- Xeyr, indi “Qarabağ”ın hegemonluq etməsi mənim üçün gözlənilməz deyil. Çünki mən Azərbaycanda oynadığım dövrdən də görünürdü ki, “Qarabağ” daha yaxşı səviyyədə olmaq üçün çalışır. Onların gələcək üçün hazırladıqları proyekt yaxşı idi. Elə səbəb budur ki, hazırda “Qarabağ” yüksək səviyyəyə çatıb. Bütün bunları nəzərə alanda, “Qarabağ”ın hazırkı səviyyədə futbola sahib olması, gözlənilməz deyil.
- Lənkərana yenidən səfər etmək istəyərdin?
- Bəli, yeni səviyyəyə çatmaq istəyən Azərbaycan komandası ilə işləmək istəyərdim. Lənkəranda da çox istedadlı oyunçular var idi. Ona görə də Azərbaycana qayıdaraq, orada işləməyi çox istəyərdim. Çünki onlar da mənə hər zaman qapı açır, xoş qarşılayır.
- Maraqlıdır ki, indiyə qədər Azərbaycanda Kosta-Rikadan olan cəmi 3 futbolçu oynayıb. Dieqo Madriqal, sən və Randall Brenes. Səncə, nəyə görə Azərbaycan klubları kosta-rikalı futbolçulara maraq göstərmir? Heç sən özün kosta-rikalı futbolçuları Azərbaycan klublarına təklif etmisən?
- Məncə, məndən sonra Azərbaycanda kosta-rikalı digər oyunçular yaxşı iş görmədilər. Mənə görə problemlərdən biri bu, digəri isə çox baha qiymətə olmaqlarıdır. Futbolçunu gətirməzdən əvvəl Azərbaycan komandası ilə danışmalıyam və kimin maraqlandığını görməliyəm. Çünki Kosta-Rikadan Avropaya oyunçu aparmaq çox baha başa gəlir.
- “Xəzər Lənkəran"ı vaxtilə niyə "Bakı"ya dəyişmişdin? Hər iki klub fəaliyyətini dayandırıb. Hər iki komandadan bütün maaşını ala bildin, yoxsa onlar sənə borclu qalıb?
- Lənkəranla bağlı vəziyyət belə idi, mənim birinci variantım “Xəzər Lənkəran” idi. Çünki klub prezidentindən çox razı idim, o çox yaxşı adam idi. O mənim qalmağımı istəyirdi. Lakin o vaxt baş məşqçi başqa bir şey istəyirdi. Mən də hər gün zəng edib vəziyyəti soruşurdum. Mənə deyirdilər ki, “gözlə, gözlə”, ancaq “transfer pəncərəsi” bağlanırdı. “Bakı” da mənə hər gün zəng edirdi. Ona görə də, “Bakı”nın mənimlə daha çox maraqlı olduğunu gördüm. Buna görə də, sonda bu komandaya keçməyə razılıq verdim. Həm də, onlar da mənə qarşı çox yaxşı idi. Ümumiyyətlə, hər iki komandaya mənə göstərdikləri münasibətə görə, məni qəbul etdikləri üçün minnətdaram. Bəli, hər ikisi pulumu tam ödəyib.