“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərovun apasport.az saytına müsahibəsi
- “Qəbələ” son turda “Sumqayıt”la qarşılaşdı. Bu matçın nəticəsini necə dəyərləndirirsən?
- Matçın çətin keçəcəyi bəlli idi. Güclü rəqiblə qarşılaşdıq. Matça maksimum dərəcədə yaxşı fokuslanmışdıq. “Sumqayıt” da bu mövsüm liqada uğurlu çıxış edir. Əlbəttə, biz qalib gəlmək niyyətindəydik. Meydana da qalib gəlmək üçün çıxmışdıq.
Lakin, nəticənin ədalətli olduğunu düşünürəm.
- Qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsən?
- “Sumqayıt” yaxşı rəqibdir, özü də səfərdə oynayırdıq. Hər halda, bu komandaya qarşı səfərdə oynamaq asan deyil. Özü də, bu cür matçlarda bir qol həlledici olur. Onu vuran komanda qalib gəlir. Bizə də bir qol lazım idi, amma təəssüf ki, vura bilmədik.
- “Qəbələ”nin hazırda 9-cu pillədə olması yəqin ki, sizi qane etmir?
- Əlbəttə ki, vəziyyət ürəyimizcə deyil. Çünki biz daha üst pillələrdə qərarlaşmağa layiq komandayıq. Hər zaman yuxarı pillələr üçün oynamışıq. Bu dəfə də, belə olacaq. Çalışacağıq ki, turnir cədvəlində üst pillələrə qalxaq.
- “Qəbələ” növbəti turda “Neftçi” ilə qarşılaşacaq. Bu matçda qalib gəlmək şansınızı necə qiymətləndirirsən?
- İstənilən görüşə qələbə üçün çıxırıq. İndiki halda da hər bir rəqibimizə qarşı ciddi hazırlaşırıq. İstəyimiz üç xalları sıralamaqdır. “Neftçi” ilə görüş də bizim üçün vacibdir. Onlarla görüşdə qalib gəlmək istəyirik. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik.
- “Neftçi”nin də vəziyyəti o qədər yaxşı deyil. Onlar haqqında nə düşünürsən?
- Məncə, “Neftçi” həmişə güclüdür. Onlar da bu oyuna xallar üçün çıxacaqlar. Oyunlarda yaxşı oynamalı, yaxşı durumda olmalıyıq ki, qələbə qazanaq. Yəni, ilk növbədə öz vəziyyətimiz bizə maraqlı olmalıdır.
- Bu mövsüm komandanın o qədər də uğurlu ola bilməməsinin əsas səbəbini nədə görürsən? Ola bilər ki, yayda heyətin böyük hissəsi dəyişdirildi deyə, hazırda komanda 9-cu pillədədir?
- Bilirsiniz, futbolda hər cür hadisə baş verir, belə şanssızlıqlar da olur. Çalışmalıyıq ki, uğurlu nəticələr qazanaq. Mən özüm də, “Qəbələ”yə faydalı olmağa can atıram. İnanıram ki, yuxarı pillələrə yüksələcəyik, hazırkı yerdə qalmayacağıq.