“Neftçi”nin futbolçusu, başa çatan mövsümü icarə əsasında “Turan Tovuz”da keçirmiş İsmayıl Zülfüqarlı apasport.az saytına müsahibə verib.
- Mövsümün qışdan sonrakı hissəsini "Turan Tovuz"da keçirdin. Necə düşünürsən, geridə qalan 6 ay sənin özün üçün faydalı keçdi? Performansını necə dəyərləndirisən?
- Düzü, “Turan Tovuz”da mənim üçün hər şey yaxşı keçdi. Komandada həm məşqçilər heyəti, həm də komanda yoldaşlarım mənə güvəndi. Yaxşı oyunlar keçirdik. Komandaya hər meydana çıxanda ən yaxşısını verməyə çalışırdım. Fikrimcə, Premyer Liqanı daha da irəli pillələrdə bitirə bilərdik. Amma təəssüf ki, alınmadı.
- “Turan Tovuz”da özün üçün ən yaddaqalan, unudulmaz anlar hansı oldu?
- “Zirə” ilə oyunu deyərdim. Komanda olaraq, çox yaxşı çıxış etdik. Qələbəyə də tam olaraq layiq idik. Amma üzücü şəkildə məğlub olduq. Bu məğlubiyyət mənim üçün çox üzücü idi. Çünki çox yaxşı mübarizə aparmışdıq.
- “Neftçi"yə qarşı da meydana çıxdın. Məxsus və yetirməsi olduğun komandaya qarşı oynamaq sənin üçün hansı hisslər ifadə edirdi? "Neftçi"yə qarşı oyunlara hansısa gərginlik və ya özünüsübut görüşü kimi baxırdın ?
- Doğma komandama qarşı oynamaq insanda fərqli hisslər yaradır. Amma düzünü deyim, meydana özümü sübut etmək, göstərmək üçün çıxmamışdım. Mən sadəcə “Turan Tovuz”a kömək etmək üçün, qələbə qazanmasına yardımçı olmaqdan ötrü meydanda idim.
- "Turan Tovuz" səninlə icarə müddətini artırmaq istəyirdi? Bu barədə sənə nəsə deyilmişdi, yoxsa istəsələr, "Neftçi" ilə əlaqə saxlayarlar?
- Komandada mənə yaxşı münasibət var idi. Mövsüm bitdikdə də bunu bildirdilər. Ancaq nələrin necə olacağını qarşıdakı günlərdə görəcəyik. Öncədən heç nə, deyə bilmərəm. Zaman hər şeyi göstərəcək.
- "Neftçi"nin avrokuboklara düşməməsinə üzüldün? Yəqin ki, məxsus olduğun komandanın nəticələrini də izləyirdin…
- Əlbəttə, “Neftçi”nin bütün oyunlarını izləyirdim. Avrokuboklardan kənar qalmağı “Neftçi”nin futbolçusu və bu klubun azarkeşi kimi da məni çox üzdü. “Neftçi” klub olaraq çox yaxşı yerlərə layiqdir.
- Yeni mövsümün hazırlıqlarını yəqin ki, "Neftçi"də başlayacaqsan? Bu barədə klubla söhbətiniz olub? Səncə, artıq "Neftçi"də daha çox oynamağa tam hazırsan?
- Bunlar veriləcək qərarlardan asılı olacaq. Amma “Neftçi”də hansı heyətdə olmağından asılı olmayaraq, klub həmişə çempionluq üçün mübarizə aparır. “Neftçi”nin adının özü elə hər zaman çempionluqda yanaşı çəkilir.