Dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində "Mercedes" markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) əməkdaşlarının vəziyyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Liv Bona Dea Hospitalın mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib. PFL-in texniki-idman direktoru Elgiz Abbasov və icraçı direktoru Zaur Hacıməhərrəmovun ilkin müalicələri tamamlanıb və onlar evə buraxılıblar. Bundan sonra ambulator şəraitdə müalicə alacaqlar. Bildirilib ki, PFL-in media və marketinq direktoru Sənan Abdullayevin ümumi vəziyyəti stabildir. Onun da müalicəsi tamamlanmaq üzrədir, önümüzdəki günlərdə evə buraxılması planlaşdırılır. Sürücü Rasim Qafarlının bud-çanaq oynağının sınığına görə əməliyyatı planlaşdırılır.
Qeyd edilib ki, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyat sonrası reanimasiya müalicəsi artıq bitib. Bu gün palataya köçürülüb. Stasionar şəraitdə müalicəsi davam etdirilir.
PFL prezidenti Elxan Səmədovun müalicəsi isə reanimasiya şəraitində davam edir. Qarşıdakı günlərdə ona müxtəlif nahiyələr üzrə ortopedik və rekonstruktiv əməliyyatlar planlaşdırılır.