Vanderson Azərbaycan Premyer Liqasında
17.07.2023 - 16:32
Vanderson Azərbaycan Premyer Liqasında

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. 

Apasport.az saytının məlumatına görə, bunu Muxtar Respublika təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Premyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb. Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə bir mövsümlük müqavilə imzalanıb.

Onun son klubu Odessa “Çernomorets”i olub. Legioner müqavilə imzaladıqdan sonra təəssüratlarını arazpfk.com-la bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq”.

Qeyd edək ki, Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

writer photo
Əlirza Əlirzalı
0