Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Moldova (2:1) və Şimali Makedoniya (3:1) ilə keçirilən yoldaşlıq görüşlərində Azərbaycan millisi gözləntinizi doğrultdumu?
- Komandamız qalib gəlir, hər şey qaydasındadır, bir az da baxımlı oyun var. Bu nəticələrin davamını qarşıdakı seçmə mərhələdə də gətirmək lazımdır. Moldova və Şimali Makedoniya elə komandalardır ki, onlara qarşı oynamaq və qalib gəlmək olar. Yoldaşlıq görüşləri olsa belə, millimizin bu qələbələri yaxşı haldır. Komanda son oyunlarda qələbə qazanırsa, deməli, hər şey qaydasındadır. İndi qalır bu uğurlu seriyanı rəsmi görüşlərdə davam etdirmək.
- Moldova ilə matçdan sonra əksəriyyət rəqibin zəif olduğunu bildirirdi. Demək olarmı ki, Şimali Makedoniya ilə matç yığmamızın əsl gücünü ortaya çıxardı?
- Millimizin əsl gücü AVRO-2024-ün seçmə mərhələsində görünəcək. Şimali Makedoniyanın heyətində kimlərin oynadığını, matça necə hazırlaşdıqlarını, hansı motivasiyada olduqlarını bilmirəm. Çünki oyunçularını tanımıram. İstənilən halda yığma qalib gəlirsə, rəqibin güclü və ya zəif olmasının bir önəmi olmur. Tarixdə nəticə qalır. Bu qələbələr xal verməsə də, FIFA reytinqinə təsir göstərir.
- Şimali Makedoniya ilə görüşün albaniyalı baş hakimi Enea Yorgyinin iki epizodda qərarı mübahisəyə yol açdı. Siz həmin qərarları necə qarşıladınız?
- O cür penalti və qırmızı vərəqə vermək gülməli idi. Mənə maraqlıdır ki, hakim-inspektor baş hakimin qərarlarına necə qiymət verir? Futbolda ev sahiblərinə simpatiyanın olmasına öyrəşmişik. Bu normaldır. Amma bu dərəcədə də yox. Höccət Haqverdinin hərəkətinə qırmızı vərəqə göstərmək mənə qaranlıq qaldı. Bəlkə də, hakim komandaların meydandakı oyunçu sayını bərabərləşdirmək istədi.
- Yığmamızın tarixində ilk dəfə ardıcıl 5 qələbə qazanmasına əsas səbəb kimi nəyi göstərmək olar?
- Ardıcıl qələbələr “Qarabağ”, “Neftçi” və “Sabah”ın futbolçularının yaxşı formada olmasından qaynaqlanır. Xüsusən də, “Qarabağ”ın oyunçuları bu ili əla keçirirlər. Ramil Şeydayev, Elvin Cəfərquliyev, Riçard Almeyda və digərlərini qeyd etmək olar. “Neftçi”dən isə Eddi İsrafilov və Emin Mahmudovu fərqləndirərdim. “Qarabağ” avrokuboklarda mübarizə apardığı üçün futbolçular da tam hazır vəziyyətdədirlər. Bütün bunlar da millinin uğurlu çıxışına təkan verir. Məsələn, Bəhlul Mustafazadə və Bədavi Hüseynov “Qarabağ”ın əsas heyətində yer almırdılar. Ancaq Kevin Medina və Maksim Medvedev zədələndikdən sonra avrokuboklarda bu cütlük müdafiənin mərkəzində çıxış etdi. Həmçinin Şeydayev, Cəfərquliyev, Almeyda da əsas heyətdə yerini möhkəmlətdi. Bu oyunçuların heç biri əvvəllər millinin əsas heyətində deyildilər, 1-2 nəfər yaxşı formada yığmaya qoşulurdu. İndi isə 5-6 futbolçu klubundakı yüksək performansı milliyə daşıyır. İndi onların gələn il də formada qalmaları və klublarında əsas heyətdə yer almaları olduqca vacib məqamdır.
- Emin Mahmudov Moldova, Ramil Şeydayev isə Şimali Makedoniya ilə görüşdə fərqlənərək sizin millidəki 9 qolluq göstəricinizi təkrarladılar. Buna münasibətiniz necədir?
- Onların bu qədər qol vurmasına çox şadam. İnşallah, bundan da çox fərqlənər, millinin uğurlu nəticələrinə təsir edərlər. Mən yoldaşlıq görüşlərində cəmi 2-3 qol vurmuşam. Qalan topları seçmə mərhələlərdəki rəsmi matçlarda rəqib qapılarından keçirmişəm. Arzum budur ki, Eminlə Ramil qrup mərhələsində də öz sözlərini desinlər. Mən oynadığım vaxt 4 il milliyə çağırılmadım. Üstəlik, dəvət aldığım dövrdə Millətlər Liqası yox idi. Millətlər Liqasında da iştirak etsəydim, bilmək olmazdı ki, qollarımın və oyunlarımın sayı neçə olacaqdı. Həm Eminin, həm də Ramilin qol sayında məni də, Qurban Qurbanovu da (14 qol) keçməsini arzulayıram.
- Ardıcıl 5 qələbə qazanan Azərbaycan millisinin martda startı veriləcək AVRO-2024-ün seçmə mərhələsində potensialı nəyə çatar?
- Gördüyünüz kimi, yığmamız qələbələri sıralayır. Gələn il də gözəl oyun və uğurlu nəticələr gözləyirik. Əlbəttə ki, seçmə mərhələdəki rəqiblərin güclü olduğunu unutmaq olmaz. İnanıram ki, yığmamız bu rəqiblərə qarşı da yaxşı çıxış edəcək və növbəti yoldaşlıq görüşlərində zəif yox, böyük komandalarla qarşılaşacaq. Çünki rəqibin güclü olması sənin də sürətli inkişafına təkan verər. Zəiflərlə qarşılaşdığın zaman “artıra” bilmərsən.
Ruslan Sadıqov