“Oyun bizim üçün çətin keçdi. Çətin demək düz olmaz. Narahatçılıq var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin məşqçisi Vaqif Paşayev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunun “Şamaxı” ilə ev oyunu barədə (0:0) fikirlərini açıqlayıb: “Futbolçular sağ olsunlar, birinci hissədə bir az alınmadısa, fasilədən sonra oyuna nəzarəti ələ aldılar. Qol vurmaq üçün çox çalışdıq. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Komandanın bürünc medal qazanmasına şadıq, onları təbrik edirəm. Ən böyük işi baş məşqçi görüb. Rəşad Sadıqovun işi görünürdü. O, yaxşı komanda hazırlayıb. Onun rəhbərliyi altında çox yaxşı oyunlar keçirdik. Onu da təbrik edirəm. Ən xoş günlərdən biridir. 35 ildir futbolda olsam da, bu ən xoşbəxt günlərdən biridir. Belə xoşbəxt günüm olmayıb”.
Qeyd edək ki, bürünc medal qazanan “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov cəzalı olduğundan komandanı son tura onun köməkçisi Vaqif Paşayev çıxarıb.