“Qarabağ”ın sabiq legioneri Vladimir Dimitrovski apasport.az saytına müsahibə verib. Ağdam klubunda oynamış şimali makedoniyalı Azərbaycan çempionunun Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirib.
- "Qarabağ"ın matçlarını indi də izləyirsən? Sənin oynadığın vaxtdakı komanda ilə indiki arasında hansı fərqləri görürsən? Nələr dəyişib?
- Bəli, vaxtım olanda “Qarabağ”ın oyunlarına baxıram. Mən “Qarabağ”da olanda bəlkə daha çox fərdi ustalığı olan oyunçular var idi, çox yaxşı oynayırdılar və indi məncə daha çox komanda kimi oynayırlar. Düzdür, fərdi ustalıqları olanlar yenə var. Amma hazırda bütöv bir komanda kimi oynayırlar. Bu da birlikdə komandaya böyük üstünlük qazandırır. Qurban Qurbanov çox yaxşı işləyir, ona afərin düşür.
- "Qarabağ ÇL-in üçüncü təsnifat mərhələsinin ilk oyununda evdə "Ludoqorets"ə 1:2 uduzdu, Bolqarıstanda isə 7:2 qalib gəldi. Bu matçın nəticəsi sənin üçün gözlənilməz oldu?
- “Ludoqorets”ə ilk oyunda uduzsalar da, ümidimi üzməmişdim. “Qarabağ”ın səfər oyununda qalib gəlmək üçün gücə malik olduğuna inanırdım. Çünki bu komandanı yaxşı tanıyıram. Ona görə də mənim üçün sürpriz olmadı.
- "Qarabağ" pley-off mərhələsində "Dinamo" klubu ilə qarşılaşacaq. Səncə, hansı komanda favoritdir?
- Məncə, iki çətin oyun olacaq. Hansı komandanın qalib gələcəyini xırda detallar müəyyənləşdirəcək. Hansı tərəf bunu yaxşı edərsə, qalib gələcək.
- "Dinamo" ilə "Qarabağ"ın oyunlarında hansı detallar həlledici olacaq?
- İki güclü komanda qarşı-qarşıya gələndə, oyunun müqəddəratını kimin daha az səhv etməsi bəlli edir. Hansı komanda daha az top itirəcək, şanslardan necə istifadə edəcək... Bu kimi kiçik detallar önəmli olacaq.
- Səncə, "Qarabağ"da hansı futbolçu klub üçün daha həlledici oyunçudur? Hansı futbolçunu bəyənirsən?
- Dediyim kimi, “Qarabağ” bütöv bir komanda kimi oynayır. Hansısa bir oyunçunu seçmək çətindir. Amma deməliyəm ki, Juninyodan çox xoşum gəlir. Onun performansı əladır.
- "Qarabağ" bir dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Səncə, onlar heyət baxımından güclüdülər ki, bunu ikinci dəfə etsinlər?
- Təbii ki, “Qarabağ”ın 2-ci dəfə ÇL-ə çıxmaq şansı var. “Dinamo” yaxşı rəqibdir və şanslar 50/50-dir. Amma indi “Qarabağ”ın qalib gələcəyinə inanıram. Yeni oyunçularla bağlı nə deyim? Qurban Qurbanov öz işini çox yaxşı bilir. Bəlkə də qalib gəlsələr, yeni oyunçular götürəcəklər. Amma istənilən halda, Qurban Qurbanovun işi əladır və hansı qərarı verəcəksə, onu etmək lazımdır.
Vladimir Dimitrovski: “Qarabağ”ın turu keçmək şansı 50 faizdir" - Müsahibə
20.08.2024 - 11:16
0
0