Voyislav Stankoviç: "Roman Qriqorçuk tez-tez toplantı keçirməyi sevir" - MÜSAHİBƏ
07.07.2024 - 17:28
Voyislav Stankoviç: "Roman Qriqorçuk tez-tez toplantı keçirməyi sevir" - MÜSAHİBƏ

"Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında "Qəbələ"də oynamış Voyislav Stankoviç Apasport.az saytına müsahibə verib. "Neftçi"nin sabiq kapitanı ukraynalı mütəxəssisin "ağ-qaralar"da hansı nəticəni göstərə biləcəyindən söhbət açıb.

 

-Son mövsümü "Jelezniçar Pançevo"da keçirdin və komandan Serbiya Superliqasında qala bildi. Yeni mövsümə də burada oynayacaqsan?

-Bəli, belə oldu. Bu yeni komandadır. Mövsümün sonunda Superliqadan düşməməyi bacardıq. Son turda qalib gəldik və liqada qaldıq. Yeni sezon bu klubda oynamayacam. Çünki orada qalmaq istəmədim. Müqaviləmi pozmuşam və azad agentəm. Karyeramın necə davam edəcəyini bilmirəm. Sadəcə gözləmə mövqeyindəyəm.

 

-Azərbaycan klublarından təklif yoxdur sənə? Yoxsa, düşünürsən ki, bu yaşdan sonra təklif göndərən klub olmaz?

-Hazırda Azərbaycan klublarının heç birindən təklif almamışam. Əgər olarsa, bunu gözdən keçirəcəm və uyğun olarsa, yenidən Azərbaycana qayıtmağın əksinə çıxmaram. Çünki Azərbaycanı çox sevirəm və böyük hörmətlə yanaşıram. Bizdə ailəlikcə belədir. Orada uzun illər çox yaxşı komandalarda oynamışam. Azərbaycanda qazana biləcəyim bütün titulları qazanmışam. Avrokuboklarda da oynamışıq. Azərbaycanda çox yaxşı insanlarla dostlamışam, orada yaxşı insanlar yaşayır. Bu ölkə ilə bağlı xatirələrim çoxdur.  

 

 

-Kapitanı olduğun "Neftçi" son mövsümü Azərbaycan Premyer Liqasında 5-ci pillədə başa vurdu. Səncə, nəyə görə belə alındı?

-Bəli, təəssüf ki, onlar son mövsümü 5-ci pillədə başa vurdular. Bir çox səbəblər var. Çox dəyişiklik oldu. Həm rəhbərlikdə, həm də futbolçu sarıdan belə oldu. Ümid edirəm ki, yeni sezon orada hər şey daha yaxşı olacaq. Çünki yeni baş məşqçi gəlib. Roman Qriqorçukun böyük təcrübəsi var. Çox yaxşı baş məşqçidir. Ümidvaram ki, o, çox yaxşı, bərk komanda yarada biləcək. "Neftçi"yə və ona yeni sezonda uğurlu olmasını arzulayıram.

 

-Yeri gəlmişkən, "Neftçi" baş məşqçi postuna sənin də yaxından tanıdığın Roman Qriqorçuku dəvət etdi. Bununla bağlı fikrin necədir?

-Onun təcrübəsi böyükdür. Qriqorçuk çoxlu, tez-tez toplantılar etməyi sevir. Ona görə edir ki, futbolçular onun meydanda nə istədiyini anlaya bilsin. Rəqibi çox yaxşı analiz edə bilir. Qriqorçuk intizamı çox sevir. Olduğu komandalar da taktiki cəhətdən çox yaxşı çıxış edib və yaxşı futbol göstərib. "Qəbələ"də necə oynadığımızı, ardıcıl iki dəfə Avropa Liqasının qruplarına düşdüyümüzü yaxşı xatırlayıram. Üstəlik, iki dəfə Azərbaycan kubokunda final oynadıq. Çempionluq mübarizəsi də aparmışdıq. Sadəcə indi "Neftçi"yə yüksək səviyyəsi olan yaxşı futbolçular dəvət etmək lazımdır. Bunu edə bilsələr və bilirəm ki, Qriqorçukun keyfiyyəti və savadı var ki, yaxşı, bərk komanda yaratsın. Belədə də, böyük hədəfləri reallaşsın.

 

-Roman Qriqorçuk "Neftçi"ni çempion edə biləcək məşqçidir? 

-Bunu indidən demək çətindir. Çünki Qriqorçuk "Neftçi"yə yeni gəlib. Əla komanda yaratması üçün zaman lazımdır. Mövsüm necə başlayacaq görəcəyik. Azərbaycanda rəqabət yüksəkdir. "Qarabağ" çox güclüdür, avrokuboklarda da oynayan yaxşı komandalar var. Yeni sezon Azərbaycan Premyer Liqası çox maraqlı keçəcək. "Neftçi" özünü necə göstərəcəlk, hansı futbolçuları dəvət edəcək, bunları yeni sezonda görmək çox maraqlı olacaq. Zaman hər şeyi göstərəcək. Ümidvaram ki, hər şey yaxşı alınacaq.

writer photo
Əlirza Əlirzalı
0