Vüqar İsgəndərli: "Qol vurmasam da..." - Müsahibə
04.03.2024 - 21:57
Vüqar İsgəndərli: "Qol vurmasam da..." - Müsahibə

Türkiyənin “Boluspor” klubunda oynayan Vüsal İsgəndərli apasport.az saytına müsahibə verib:

- Bu gün çempionatda ikinci pillədə qərarlaşmış "Göztepe" qarşısına çıxacaqsız. İddialı rəqiblə görüşdə qalib gəlmək şansınız nə qədərdir?
- Artıq iki gündür ki, buradayıq. Yol uzaq olduğu üçün 2 gün tez gəlmişik. Uzun səfərdə olduq. “Göztəpə” çətin rəqibdir, oyun da çətin keçəcək. Bu, dəqiqdir. Burada rəqibin azarkeş amili, stadion faktoru var. Özü də, rəqibimiz ikinci pillədədir, çempionluğa da iddialıdır. Qışdan sonra uduzmayan iki komanda var biri onlardır, biri də bizik. Əlimizdən gələni edəcəyik ki, xal və ya xallar qazanaq. 

- "Bolsupor"un oyun sisteminə tam uyğunlaşmısan? Baş məşqçi və rəhbərlik səndən razılıq edir?
- Mən gəlməmişdən əvvəl komanda başqa sistemdə oynayırdı. Ancaq elə oldu ki, komanda hazırda bu sistemdə oynayır. Matçları qazanırıq deyə, baş məşqçimiz də eyni sistemlə davam edir. Bəli, bu sistemdə özümə şans tapıram. Düzdür, hücumun sivri ucu ən az oynadığım mövqedir. Ancaq şans verirlərsə, baş məşqçi tapşırırsa, orada oynayaraq komanda üçün ən yaxşısını edirəm. 

- Boludakı yaşayışın necə gedir, artıq bu şəhərə öyrəşmisən?
- Əvvəl Türkiyədə oynamışam, Ankarada yaşayırdım. Bolu Ankara və İstanbuldan fərqli, çox sakit şəhərdir. Amma Bolu da çox yaxşı şəhərdir. Futbol şəhəridir. Hər kəs burada futbolçuları da tanıyır, hamı futbolla maraqlanır. Nəticələrə görə azarkeşlər oyuna və məşqlərə gəlir. Şəhərdə canlanma var. Özüm də, bu şəhərə öyrəşmişəm və mənim üçün hər şey yaxşıdır.

- Komanda hazırda 6-cı pillədədir. Deyəsən, elə birbaşa Superliqaya yüksəlmək şansınız da az deyil. Bunu reallaşdıracaq gücdəsiz?
- Hədəfləri qarşımıza pillə-pillə qoyumuşuq. Qışda mən transfer olanda, baş məşqçi ilə danışırdıq. Onda dedi ki, ilk hədəf pley-off mərhələsidir. Bunun uğrunda da mübarizəmizi davam etdirirk. Amma qarşıda çətin oyunlar var. Həmin matçlardan uğurlu nəticələrlə çıxmalıyıq. İşlər yaxşı gedərsə, niyə də liqada üçüncü olmayaq? 

- Maraqlıdır, "Qarabağ"ın avrokuboklardakı son uğurlarından "Boluspor"da heç danışırlar? Məşqçilər, futbolçular...
- Əlbəttə ki, burada hamı “Qarabağ” barədə olduqca məlumatlıdır. Azərbaycan futbolu barədə də çox bilirlər. Məsələn, komanda yoldaşım, moldovalı Vyaçeslav Posmak da Azərbaycan çempionatını, Azərbaycan futbolunu, “Qarabağ”ı çox yaxşı bilir. Məşqçilər korpusumuz da az məlumatlı deyil. Elə “Braqa” ilə görüşü hamılıqla birlikdə izlədik. “Qarabağ”ın uğurunu birlikdə yaşadıq. Həqiqətən də, çox böyük qürur hissi keçirdim. 

- Türkiyə klublarında daim maaş problemləri olur. "Boluspor"da da belə çətinliklər var?
-  Şükür Allaha, heç bir problem yoxdur. Əslində, o vaxtı Türkiyədəki ilk klubum olan “Ankara Keçiörengücü”ndə də heç bir maliyyə problemi yox idi. Oradan ayrılmaq səbəbim maliyyə məsələsi göstərilmişdi. Amma belə deyildi. Ayrılmağımıza səbəb avronun yüksəlməsi idi. Onda avro burada çox qalxmışdı. Bizim ölkədə isə eyni qalmışdı deyə, maaşımda endirimə getməyim alınmırdı. Azərbaycana vaxtından əvvəl qayıtmağım isə öz səhvimdir. Təkliflərə aldandım. “Keçiorengücü”ndən sonra legioner həyatı yaşadığım növbəti klub “Eqnatiya” idi. Orada da yaxşı oynadım, qollar vurdum, assistlər etdim. “Boluspor”da da işlərim qaydasında gedir. Qol vurmasam da, qol epizodlarında yaxından iştirak edirəm. Allah qoysa, qollar və assistlər də gələcək. Az qalıb. 

- Türkiyədə oynayan azərbaycanlıların sayı az deyil. Onlar arasında ən uğurlu çıxış edən kimdir?
- Burada oynayan bütün azərbaycanlı futbolçuların oyunlarını izləyirəm. Azarkeş kimi yox, futbolçu kimi baxıram. Hər kəs öz əlindən gələni edir. Uğurlu çıxışa gəldikdə, hamıdan əvvəl bura Coşqun Diniyev gəlib. O, klubunda yaxşı çıxış edir. “Boluspor”a qışda gəlmişəm və komandam qışdan sonra uduzmayıb. Bütün azərbaycanlılara uğurlar arzu edirəm. Allah qoysa, layiq olduğumuz yerlərdə olarıq, ölkəmizi ən yaxşı şəkildə təmsil edərik. 

- Yəqin ki, millinin martda keçirəcəyi oyunlara dəvət olunacağına inamın böyükdür?
- Mən həmişə deyirəm ki, milliyə dəvət olunacağıma inanıram, alınmır. Amma bu dəfə də dəvət ediləcəyimə inanıram. “Eqnatiya”da qollar vurub, assistlər edirdim, bütün matçları oynayırdım. Dəvət edilmədim. “Boluspor”da da işlərim yaxşı gedir, 6 matçda start heyətində oynamışam. Milliyə gəlmək istəyərəm. İnanıram ki, millidə də özümü yaxşı tərəfdən göstərərəm. Amma hamısı qismət məsələsidir.

writer photo
Əlirza Əlirzalı
0