Azərbaycan milli komandasının sabiq üzvü, son mövsümü "Kəpəz"də keçirmiş Vurğun Hüseynov aktiv futbolçu karyerasını başa vurmaq qərarına gəlib. Apasport.az saytına müsahibə verən Hüseynov hazırkı qərarından və gələcək məqsədlərindən söz açıb.
- Bildiyim qədərilə aktiv futbolçu karyeranı başa vurmağı planlaşdırırsan və qərarın da qətidir. Yaşa, fiziki duruma görə bu qərara gəldin, yoxsa başqa səbəblər var?
- Bəli, demək olar ki, karyeramı bitirmişəm. Ancaq təcrübəli futbolçu kimi də qala bilərəm. Bu il də demək olar ki, oynamadım. Elə daha çox kollektivin yaxşı olmasına köməklik göstərdim.
- “Kəpəz”də çox da oynamadın. Bu komandaya daha çox kollektivə ağsaqqallıq etmək üçün getmişdin?
- Bəli, elədir ki, var. Sırf məqsəd təcrübəli kimi komandanın içində olmaq idi. Mən də buna çalışdım. Kollektivdəki işlərin qaydasında olması üçün əlimdən gələni etdim.
- Adil Şükürovun səninlə bağlı planı nədir? Yeni mövsüm səni futbolçu kimi komandada görmək istəyir, yoxsa Şükürovun köməkçilərindən biri olacaqsan ?
- "Kəpəz"də qalası olsam, yəqin ki, yenə təcrübəli biri olaraq qalacam.
- Azərbaycan futbolunda vida matçları ümumiyyətlə, yoxdur. Hər halda, ən azından “Turan Tovuz” – “Sumqayıt” ya, “Turan Tovuz” və hansı komandanın iştirakı ilə vida görüşünün keçirilməsini istəyərdin?
- Vida oyunu barədə heç fikirləşməmişəm. Əgər olsa, bunu "Sumqayıt"ın iştirakı ilə edərdim. Çünki 10 il bu komandanın şərəfini qorumuşam və "Sumqayıt"ın heyətində çox oyun keçirmişəm. Lakin dediyim kimi, vida görüşü barədə düşünməmişəm. Olarsa, komandalardan biri mütləq "Sumqayıt" olar.
- Səninlə yanaşı, Maksim Medvedev də karyerasını başa vurduğunu açıqladı. Bir yaş fərqiniz var. Maksimlə karyeranı müqayisə etsən, səncə hansınızın karyerası daha uğurlu alındı?
- Bəli, xəbərim var. Ona da gələcək karyerasında uğurlar arzulayıram. Müqayisə aparsaq, təbii ki, Maksimin karyerası birmənalı daha yaxşı olub. Mən də oynadığım komandalarda hər zaman ən yaxşısı üçün çalışmışam.
- Maraqlıdır, karyeran ərzində olub ki, yolun “Qarabağ”dan və ya “Neftçi”dən düşə bilərdi, amma bunu özün seçməmisən?
- Əlbəttə ki, təkliflərim olub. Lakin mən o vaxtı "Qəbələ"ni seçmişdim. Səhv etmirəmsə, Rasim Kara "Qarabağ"da işləyəndə, məni komandasında görmək istəyirdi. Lakin elə alındı ki, seçimimi "Qəbələ"dən yana etmişdim. Kara isə məni "Qarabağ"da sərəncamında görmək niyyətindəydi. Artıq belə alınmışdı, karyeramı isə başa vururam. Hansı komandanın futbolçusu olmağımdan asılı olmayaraq, hər zaman ən yaxşısını etməyə çalışmışam.
- Azərbaycan milli komandasında 15 oyun keçirmisən və hətta bir qol da vurmusan. Milli komandadakı karyeranı uğurlu hesab edirsən? Sənin üçün daha çox hansı oyun yaddaqalandır?
- Zədələrim olmasaydı, millidəki karyeram daha yaxşı olardı. Bir çox zədələri nəzərə alsaq, millidəki karyeram pis alınmayıb. Millinin heyətində yaddaqalan oyunum isə Belçikaya qarşı Bakıda keçirdiyimiz görüş idi. Onda matç 1:1 hesabı ilə yekunlaşmışdı. Belçika kimi güclü rəqibə qarşı çox yaxşı mübarizə aparmışdıq. Rəqibin heyətində çox güclü futbolçular var idi. Belçikanın ən yaxşı vaxtları idi, amma biz uduzmadıq. Çünki çox yaxşı oynamışdıq, sona qədər. Mənim üçün də yaddaqalan, unudulmaz milli matçlarındandır.
- Tovuzlu olsan da, daha çox məhz “Sumqayıt”da oynamısan. Yeni mövsümdən 10 il formasını geyindiyin “Sumqayıt”da necə, səni məşqçi qismində Samir Abasovun korpusunda görə bilərik? Gələcəklə bağlı planların baş məşqçi kimi işləməkdir yəqin?
- Yeni mövsüm harada olacağımı indidən deyə bilmərəm. Hər şeyi zaman göstərəcək. Təbii ki, məqsədim gələcəkdə məşqçi kimi özümü sınamaqdır. Necə olacaq, necə alınacaq, onu zaman göstərəcək.