“İstəyimiz odur ki, milli komandamız yaxşı nəticə qazansın. Bunun üçün yalnız və yalnız 90 dəqiqə mübarizə aparmalıdırlar. Belə halda, nəticə mümkündür”.
Bunu apasport.az saytına Azərbaycan milli komandasının sabiq müdafiəçisi Vurğun Hüseynov deyib.
2011-ci ildə AVRO-2012-nin seçmə mərhələsində Azərbaycan – Belçika (1:1) görüşünün iştirakçısı olan futbolçu həmin vaxtı Bakıdakı heç-heçəni xatırlayıb, həmçinin bu gün eyni rəqiblə keçiriləcək matçdan gözləntilərini açıqlayıb: “2011-ci ildəki oyun hələ də yadımdadır. Rəqibimizin necə güclü milli olduğunu bilirdik. Onlara qarşı düzgün müdafiə olunub mübarizə apardıq və nəticə qazandıq. Təbii ki, Belçika millisinin əvvəlki heyəti daha güclü idi. Bizim də əvvəlki heyətimiz də indikindən güclü və təcrübəli idi. Rəqibin heyətindəki hər futbolçu çox təhlükəli idi. Eden Azar və Romelu Lukakuya qarşı oynamaq daha çətin alındı. Yadıma gəlir, onlara qarşı birəbir qalmaq olmazdı. Həmin gün kollektiv olaraq sıx oynayıb yaxşı nəticə qazandıq. Fikrimcə, həm bizim, həm də Belçikanın əvvəlki heyəti daha güclü idi. İstənilən halda, bu gün keçiriləcək matçda millimizə uğurlar arzu edirəm".
Qeyd edək ki, AVRO-2024 çərçivəsində keçiriləcək Azərbaycan – Belçika oyunu saat 17:00-da start götürəcək.