“Sumqayıt”ın kapitanı Vurğun Hüseynovun apasport.az saytına müsahibəsi
- "Sumqayıt"ı hazırda sonuncu pillədən cəmi üç xal ayırır. Komanda üçün diviziona düşmək təhlükəsi davam edir. Bu, kollektivdə gərginlik yaradır?
- Gərginlik sonuncu yerdən 6 xal fərqimiz olanda da var idi. Son beş komandanın axırıncı olmaq təhlükəsi hələ də davam edir. Çalışacağıq ki, qarşıdakı matçlarda xal ehtiyatımızı artıraq. Bunun üçün əlimizdən gələni edirik.
- Hesabat turunda evdə "Neftçi"yə 0:4 uduzdunuz. Səncə nəyə görə hesab bu qədər böyük oldu?
- Hesab oyuna görə olmadı. Rəqib komandanın futbolçularının keyfiyyəti oyunun taleyini həll etdi. Demək olar ki, “Neftçi” futbolçuları 4 dəfə qapımıza gəldi, 4 qol vurdular. Halbuki bizim də yaxşı qol epizodlarımız var idi. Sadəcə, istifadə edə bilmədik.
- "Neftçi"nin qarşısını almağa nə mane oldu?
- Oyundan qabaq belə hesab olacağı ağlımıza gəlməzdi. Meydana ən azından xal almaq üçün çıxmışdıq. Dediyim kimi, rəqibin heyətindəki bəzi futbolçular oyunun taleyini həll etdi. Yoxsa, epizod sarıdan əziyyət çəkmirdik. Amma onları reallaşdırmaq mümkün olmadı.
- Komandanın bu mövsüm böyükhesablı məğlubiyyətləri az deyil. "Sabah"a 0:6, 0:4, "Qarabağ"a 0:6, "Neftçi"yə 0:4 hesabı ilə uduzmusuz. Sanki “Sumqayıt” bəzi görüşlərdə matçın müəyyən hissəsindən sonra oyundan qopur. Ona görə belə hesablar qeydə alınır?
- Düzdür, böyük hesablı məğlubiyyətlərimiz var. Ancaq oyundan qopmağımızla əlaqəli deyil. Bu, hesabda geri düşəndən sonra komanda şəklində qollar vurmaq istədiyimizdən irəli gəlir. Çünki məğlubiyyət məğlubiyyətdir, hesabın necə olmasının fərqi yoxdur. Demək olar ki, hər komandaya qarşı açıq futbol oynamışıq.
- Növbəti turdakı “Şamaxı” ilə oyun yəqin ki, sizin üçün çox vacibdir. Səncə, komanda bu oyundan xal və ya qələbə ilə ayrıla biləcək?
- Bu gündən “Şamaxı” ilə oyuna hazırlaşacağıq. Bizi çətin səfər gözləyir. Cavid Hüseynov çox yaxşı komanda formalaşdırıb. Bizim üçün də çox vacib görüşdü. Səfərdən sərfəli nəticə ilə qayıdarıq.
- Bu mövsüm "Şamaxı"ya cəmi bir dəfə qalib gəlmisiz, digər matçlar heç-heçə və məğlubiyyətlə başa çatıb. Bu komandaya qarşı oynamağın hansı çətinlikləri var?
- “Şamaxı” hər komandaya çətinlik yaradan komandadır. Bizim üçün də ağır oyun olacaq. Amma yaxşı hazırlaşırıq, bizim üçün uğurlu matç olacağına inanırıq.
- "Sumqayıt" sonuncu pilləni tutaraq diviziona düşəcəyi təqdirdə, yəqin ki, daha bir komandanın fəaliyyətini başa vuracağını görəcəyik. Çünki Azərbaycanda diviziona düşən komandaların əksəriyyəti geri qayıtmayıb və çıxışını başa vurub. Bu barədə fikrin necədir?
- İnanıram ki, sonuncu pilləni tutmayacağıq. Bunun üçün meydanda nə lazımdırsa edəcəyik. Komanda yoldaşlarıma, kollektivə çox inanıram. Sona qədər mübarizə aparacağıq.