Vüsal İsgəndərli: "Şeydayevin komandası ilə oynamaq maraqlı olardı" - Müsahibə
13.05.2024 - 19:01
Vüsal İsgəndərli: "Şeydayevin komandası ilə oynamaq maraqlı olardı" - Müsahibə

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” Superliqaya vəsiqə uğrunda pley-off görüşlərinə qoşulmağa haqq qazanıb. Onlar “Bodrumspor”la üz-üzə gələcək.

İsgəndərli apasport.az saytına müsahibəsində komandasının Superliqaya yüksəlmək şanslarından danışıb.

- Son turda komanda "Çorum"a qalib gələ bildi. Bununla da pley-off mərhələsinə vəsiqə qazandınız. Maraqlıdır, bu oyun üçün xüsusi mükafat vəd edilmişdi?
- Həqiqətən də, çox həyəcanlı və əla oyun oldu. Bizim üçün önəmli görüş idi və sonda qalib gəlməyi bacardıq. Elə oyunlar olur ki, orada heç bir mükafat önəm daşımır. Bu qədər əziyyət çəkmişdik. Allah da kömək oldu, pley-off mərhələsinə vəsiqə qazandıq. Əlbəttə ki, klub da hər zaman qələbə üçün mükafat verir. Ancaq dediyim kimi, burada daha çox nəticə önəmli idi, mükafat yox.

- Bu görüşdə meydana çıxmamağın nə ilə bağlı idi? Hər halda, bu cür həlledici görüşdə meydana çıxmaq istəyərdin yəqin...
- Əlbəttə ki, oynamağı çox istəyirdim. Amma oynamamağım sistemlə bağlı məsələ idi. Növbəti görüşdə baş məşqçimiz yenə start heyətdə şans verəcəyini dedi. Mən futbolçuyam və daim şansımı gözləyirəm. Əgər verilirsə, maksimum istifadə etməyə çalışıram.

- “Boluspor" artıq pley-off mərhələsindədir. Pley-off mərhələsinə düşən komandalar bəllidir. Şansları necə dəyərləndirirsən? Səncə, komandanız Superliqaya vəsiqə qazanmağı bacaracaq?
- Biz bütün oyunlara final gözü ilə baxırıq. Çətin oyunlar bizi gözləyir. Ən birinci hədəf “Bodrumspor” səddini keçməkdir. Ondan sonra isə artıq növbəti oyunlara baxacağıq. İndi tam olaraq “Bodrumspor”la görüşə fokuslanmışıq. Şansımız da var, sona qədər bundan istifadə edəcəyik.

- Maraqlıdır, ilk oyunda hansı rəqiblə düşməyinizi istəyərdin?
- Onsuz da, pley-off-da qalan hər rəqib güclüdür. Hamısı da çox güclü azarkeş dəstəyinə malikdir. Hamımızı çox çətin oyunlar gözləyir. Şans varsa, istifadə edəcəyik.

- Millimizin digər üzvü Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor"la qarşılaşmağınızı necə, istəyərdin? Hər halda, Azərbaycan derbisi olardı pley-off mərhələsində. Özün üçün də maraqlı olardı?
- Əlbəttə ki, Ramil Şeydayevin komandası ilə oynamaq maraqlı olardı. Onları da “Çorum”la çətin oyun gözləyir. Bizi də “Bodrum”la səfər görüşü gözləyir. Çox istəyərəm ki, bu liqada çempion olaraq Superliqaya vəsiqə qazanaq.Əminəm ki, bunu edəcək gücə sahibik.

- "Boluspor"la müqavilən qüvvədədir. Maraqlıdır, klub səninlə yoluna davam edəcək yeni müqavilə təklif edilib? Özünü "Boluspor"da xoşbəxt hiss edirsən?
- Klubla müqaviləm var. Mən də, klub da qalmağımın tərəfdarıyıq. Əlbəttə, tez-tez klub dəyişmək yaxşı deyil. Bu kluba fasilədə gəlmişəm, çətin vaxtda idi. “Eqnatiya”ya qoşulanda da toplanış keçə bilməmişdim. “Boluspor”a gələndə də təlim-məşq keçməməyimin çox təsirini hiss etdim. Milli komandada zədələndim, özümü indi yaxşı hiss edirəm. Bu çətin vaxtda kluba çox kömək olacağıma inanıram.

writer photo
Əlirza Əlirzalı
0