"Bayer"in Avropa Liqası qrup mərhələsinin IV turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdiyi görüşdən sonra baş məşqçisi Xabi Alonso mətbuat konfransı keçirib.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis öncə qarşılaşma haqda danışıb:
"15 dəqiqə çox gərgin keçdi. Rəqibin hücumlarının qarşısını almağa çalışdıq. Bunarəğmən qalib gəldik. Penaltidən də olsa, qələbə qələbədir. Birinci yerdəyik. Amma qələbələri sıralamalıyıq. Oyunçularımız get-gedə daha üstün oyun nümayiş etdirməyə çalışırlar.
- Birinci oyundan fərqli olaraq, "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- Heç nə ilə təəccübləndirmədi. Bilirdik ki, hansı komanda ilə oynayırıq. Rəqibin necə oynadığını da bilirdik. "Qarabağ" güclü komandadır. Bunu nəzərə alıb, bura gəlmişdik.
- Çox həyəcanlı görünürdünüz. Bunun səbəbi nə idi?
- Futboldur. Hirslənə də bilərik. Bu adi haldır.
- 14 il əvvəl futbolçu kimi bu stadionda meydana çıxmışdınız. Bu dəfə isə baş məşqçi kimi komandanızı meydana çıxardınız. Bununla bağlı nə deyəcəksiz?
- 14 il ərzində çox böyük dəyişiklik var. Həm Azərbaycanda, həm də "Qarabağ"da. 14 il əvvəl heç "Qarabağ"ı tanımırdım. amma nəyə qadir olduğunu artıq bilirəm. İldən-ilə bu komanda böyüyür və uğur qazanmaq üçün hər şeyi edir.
- Sizcə, son dəqiqədəki penalti epizodu "Qarabağ"ın lehinə olsaydı, baş hakim hansı qərarı verərdi?
- Penaltidir, istər ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əgər əl var idisə, top qapı tərəf gedirdisə, penalti idi. Hər halda referilər bu qərarı verdi.
- Gələcək karyeranızı "Real"da davam etdirəcəksiz?
- Mən bu barədə heç nə deyə bilmərəm. Oyun barədə sualınız varsa, cavab verərəm.
- "Bayer"lə yanaşı sizcə, hansı komanda çıxacaq?
- "Molde" ilə "Qarabağ" arasında rəqabət gedəcək. Son oyun göstərəcək ki, hansı komanda ikinci yeri tutmağa layiqdir.
- "Qarabağ"ın heyətində hansı futbolçunu xüsusi dəyərləndirərdiz?
- "Qarabağ" çox gözəl komplektləşib, gözəl heyəti var. Hamısını deyə bilərəm. Yankoviç, Zubir, Juninyo... Digərlərinin xətrinə dəymək istəmirəm. Hamısı yaxşıdır. İnanıram ki, onlar üzərinə düşən işi layiqincə görəcəklər.