Müqavilə ilə “Neftçi”yə məxsus olan, icarə əsasında isə “Turan Tovuz”da oynayan Xəyal Nəcəfovun apasport.az saytına müsahibəsi
- "Turan Tovuz" Premyer Liqanın hesabat turunda "Neftçi" ilə matçda 4:0 hesabı ilə qələbə qazandı. İstədiyiniz hər şeyi edə bildiz?
- Bu matça da hər oyun kimi hazırlaşmışdıq. “Neftçi” ilə oyunlarımız çox olub. Onların güclü və zəif cəhətlərini bilirdik. Ayxan Abbasovun dediklərini yerinə yetirməyə çalışdıq. Şükürlər olsun ki, istədiyimiz alındı və biz qalib gəldik.
- Hesab özünüz üçün gözlənilməz olmadı ki?
- Əsas odur ki, qalib gəldik. Meydana üç xal qazanmaq üçün çıxmışdıq. Bunu reallaşdırdığımıza görə şadıq. Komanda kimi motivasiyamız da yaxşı idi. Bu da bizə qələbədə kömək oldu.
- Demək olar ki, "Turan Tovuz" "Neftçi"dən kubokdakı məğlubiyyətin revanşını aldı?
- Xeyr, "Neftçi"yə qarşı oyuna revanş hissi ilə hazırlaşmamışdıq. Çünki əvvəlki oyunlar geridə qalıb. Biz səbirli oynamağa çalışırdıq. "Neftçi" ilə oyuna revanş hissi ilə çıxsaydıq, özümüzə ziyan vurmuş olardıq. Bunu düşünmədik və ancaq qələbə qazanmağı istəyirdik.
- Matçdan sonra “Neftçi”dəkilərlə danışdın? Hər halda, onlara məxsussan...
- Xeyr. Oyundan sonra heç kimlə danışmadım, söhbətimiz olmadı.
- Demək olar ki, "Turan Tovuz" artıq Premyer Liqadakı yerini qoruydu?
- Rahatçılıq deyilən bir şey yoxdur. Biz son oyunlara qədər uğurlu nəticə qazanmağa çalışacağıq. Hər oyun da bacardığımızı edəcəyik ki, xallar qazanaq. Ona görə də, arxayınçılıqdan söhbət belə, gedə bilməz.
- Maraqlıdır ki, ölkə kubokundakı çıxışınızı dayandırdıqdan sonra “Zirə” və “Neftçi” kimi iddialı komandaları məğlub etdiniz. Demək olar ki, sizi narahat edən kubok matçları idi?
- Əlbəttə, iki oyundan da qələbə ilə ayrılmağımız çox sevindiricidir. Rəqiblər də çox güclü idi. Amma biz çətin olsa belə, qələbə əldə etdik. Kubokda da əlimizdən gələni ən yaxşısını etməyə çalışırdıq. Ölkə kubokunda çıxışımızı bitirdikdən sonra yenidən çempionata kökləndik. Bəzən istədiyin kimi alınır, bəzən yox. Belə qalanda, çempionat və kubok oyunlarına da eyni məqsədlə çıxırdıq.
- Bilirik ki, “Turan Tovuz”da icarə əsasında oynayırsan və müqavilə ilə “Neftçi”yə məxsussan. Əyalət klubunda qalacaqsan?
- Bu barədə indidən bir söz deyə bilməyəcəm. Qarşıda hələ üç oyun var və bütün fikrimi həmin görüşə yönəldəcəm. Necə olacağını isə zaman göstərəcək.