"DAK 1904" Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunun çərçivəsində sabah Bakıda "Zirə"nin qonağı olacaq.
Apasport.az xəbər verir ki, Slovakiya təmsilçisinin baş məşqçisi Xisko Munyoz matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabah bizi çətin oyun gözləyir. Rəqibin səviyyəsini bilirik. Sabahkı matçda mükəmmələ yaxın oyun oynamalıyıq. Rəqibin hücumdakı keyfiyyətindən xəbərdarıq. Səviyyəli rəqibə qarşı öz səviyyəmizi də görmüş olacağıq. Ən yaxşı oyunumuzu oynamalı və oyun üslubumuzu meydanda tətbiq etməliyik. Sabah yaxşı oynayacağıq. Çünki meydanda iki yaxşı komanda olacaq.
- Səyahət qrafikində dəyişiklik komandaya necə təsir edəcək?
- Rəqibə təşəkkürümüzü bildiririk. Bizə bütün dəstəyi göstərdilər. İlkin plan məşqi burada etmək idi. Sadəcə gec çatdıq. Qrafikimiz pozuldu. Məşqi öz bazamızda etmişik. Sabah kifayət qədər vaxtımız olacaq ki, istirahət edək. Çox dəyişiklik yoxdur. Hətta bu dəyişiklik daha yaxşı oldu.
- Sizcə, "Şerif" güclü idi, yoxsa "Zirə"?
- Hər iki komanda yaxşı idi. Oyunun taleyini kiçik detallar həll etdi. Hər iki komanda göstərdi ki, yaxşı səviyyədədir, yaxşı xarakteri var. 100 faizlərini meydanda qoydular. Sabah bizi yaxşı rəqib gözləyir. "Zirə" taktiki hazırlığı yaxşı olan komandadır. Sabah maksimum diqqətli olmalıyıq. Komanda tam hazırdır. Yeddi aydır səbirsizliklə bu anı gözləyirdik. Komanda üzvləri sabahkı oyunun necə vacib olduğunu anlayır.
- Bir neçə il əvvəl "Dinamo"da (Tbilisi) işləyərkən "Qəbələ" rəqibiniz olmuşdu. Həmin vaxtları necə xatırlayırsız? Üstəlik, o vaxtı "Qəbələ"nin hücumçusu olmuş Davit Volkov hazırda "Zirə"də oynayır....
- Biz indiyə kimi avrokuboklarda çıxış edəndə rəqiblərin ən yaxşıları ilə qarşılaşmışıq. O vaxt "Qəbələ" idisə, indi "Zirə"dir. Komanda avrokuboklara çıxıbsa, demək ki, yaxşı səviyyədədir. Davit Volkov fərqli oyunçudur, keyfiyyətlidir. Oyunun taleyini bir anda dəyişəcək keyfiyyətə sahibdir.