Yalnız üç komanda: “Barselona”, “Qarabağ”...
06.10.2023 - 11:09
Yalnız üç komanda: “Barselona”, “Qarabağ”...

Avrokubokların 2023/24 mövsümünün qrup mərhələsinə iki qələbə ilə başlayan komandaların sayı məlum olub.

Apasport.az xəbər verir ki, yalnız 15 komanda startda xal itkisi ilə üzləşməyib.

Azərbaycan çempionu “Qarabağ” da bu siyahıda yer alıb. Qurban Qurbanovun yetirmələri Avropa Liqasının H qrupunda Bakıda “Molde”, Höteborqda “Hakken”ə qalib gəlib. Təmsilçimiz hər iki matçda 1:0 hesabına sevinib.

Ümumiyyətlə, 2 turda 6 xal toplayanların sayı Avropa Liqasında daha çoxdur. Bu turnirdə 7 komanda uğurlu starta imza atıb. “Vest Hem”, “Atalanta”, “Liverpul”, “Roma”, “Slaviya” və “Bayer” də “Qarabağ” kimi itkisiz irəliləyib.

Çempionlar Liqası və Konfrans Liqasının hərəsində 4 komanda 6 xal yığıb. Qitənin ən nüfuzlu klub turnirində “Bavariya”, “Real”, “Mançester Siti” və “Barselona”, üçüncü dərəcəli yarışda isə “Slovan”, “Viktoriya”, PAOK və “Fənərbaxça” bunu bacarıb.

“Qarabağ”ın startının daha bir özəlliyi isə hər iki qələbəni quru hesabla qazanmasıdır. Ağdam klubu iki matçda qələbə qazanıb və qol da buraxmayıb.

Buna Avropada yalnız üç komanda nail olub. Çempionlar Liqasında “Barselona”, Avropa Liqasında “Slaviya” startda quru hesablı qələbələri sıralayıb.

Qeyd edək ki, avrokubokların qrup mərhələsində ümumilikdə 48 komanda mübarizə aparır.

writer photo
Əlirza Əlirzalı
0