“Çətin oyun olacağını gözləyirdik. İlk 10 dəqiqədə pis görünmürdük”.
Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Misli Premyer Liqasının II turunda “Neftçi”yə 2:5 hesabı ilə məğlub olduqları səfər oyunu barədə danışarkən deyib.
62 yaşlı çalışdırıcı görüşdən sonra mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “12-16-cı dəqiqələrdə səhvlərdən 3 qol buraxdıq. Ondan sonra toplarlanmaq uşaqlar üçün çətin oldu. İkinci hissədə dəyişikliklər etdik. Müəyyən dərəcədə bunlar alındı. Müdafiədəki səhvlər ucbatından məğlub olduq”.
- Birinci hissədə 5-3-2, ardından 5-4-1 sistemində oynadınız. “Kəpəz” bu gün nə futbol oynadı?
- Oyunu əks-hücumlardan qurduq ki, şansımız olsun. “Neftçi”yə qarşı açıq futbol oynamaq doğru olmazdı.
- “Kəpəz” azarkeşləri sizi istefaya səsləyirdilər. Bunu eşidirdiz və münasibətiniz necədir?
- Əlbəttə ki, eşidirdim. Qulaqlarım yaxşı eşidir. Buna münasibətim normaldır.
- Qısa zaman ərzində 3 top buraxmağı nə ilə izah edə bilərsiniz?
- Hər halda psixoloji gərginlik yarandı. İlk olaraq standart vəziyyətdən qol buraxdıq. Komandanı toparlamağa çalışsaq da, alınmadı.
- Abdullahi Şuaybuya ilk hissədə şans verməməyiniz nə ilə bağlı idi?
- “Zirə” ilə oyundakı heyəti meydana buraxmışdıq. Həmin görüşdə normal çıxış etdiyimizi düşünürdük. Ona görə dəyişiklik etmək istəmədik.