Yığmamızın futbolçusu: “İnanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik” - MÜSAHİBƏ
16.09.2023 - 12:39
Yığmamızın futbolçusu: “İnanıram ki, Şimali İrlandiyaya qalib gələcəyik” - MÜSAHİBƏ

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası və Latviyanın “Dauqavpils” klubun üzvü Ramin Nəsirlinin apasport.az saytına müsahibəsi 

- Azərbaycan yığması AVRO-2025-in seçmə mərhələsi çərçivəsində ilk görüşündə Serbiyaya 0:2 hesabı ilə məğlub oldu. Qarşılaşma sizin üçün necə alındı?
- Bəli, oyuna çox yaxşı hazırlaşmışdıq. Özümüz də tsiklə uğurlu başlamaq niyyətindəydik. Amma matç ürəyimiz istədiyi kimi alınmadı. Təəssüf ki, nəticədə uduzduq. 

- Səncə, Belqradda yığmamızın xal qazana bilməməsinin əsas səbəbi nədir? Serblərə qarşı oynamaq çox çətin idi?
- Kollektivdəki atmosfer də qaydasındaydır. Sadəcə oyunumuz nəsə alınmadı. Serbiya bizə qarşı çox aqressiv oynadı.

- Demək olar ki, rəqibin qapısı istiqamətinə zərbə də endirə bilmədiniz. Bəs, bir zərbə endirmək də çətin idi? 
- Görünürdü ki, Serbiya yığması oyuna çox güclü hazırlaşmışdı. Bizdə isə oyun alınmırdı. Heyf ki, belə oldu.

- Ümumiyyətlə, Azərbaycan yığmasının qrupdakı əsas məqsədi nədən ibarətdir? Səncə, qrupdan çıxmağınız realdır?
- Bizim əsas məqsədimiz hər oyundan maksimum nəticə ilə ayrılmaqdır. Sona qədər də bunun üçün mübarizə aparacağıq. Futboldur, hər şey olması mümkündür. Qrupda oyunlarımız hələ çoxdur. İlk oyunu keçirdik, çalışacağıq ki, növbəti görüşlərdə istədiyimiz nəticəyə çataq.

- Qrupda İngiltərə, Lüksemburq, Ukrayna, Şimali İrlandiya da yığmaları yer alıb. Rəqiblər barədə hansı fikirdəsən? 
- Hər bir rəqib haqda məlumatlıyıq. Bu komandaların oyunçuları yaxşı çempionatlarda oynayırlar. Yəni, oyun praktikaları daha çoxdur. Belədə, hər bir komanda güclüdür. Heç bir oyun asan deyil.

- Bizim yığmada isə çox oyunçu Premyer Liqada, əsas liqalarda oynamır. Bu, yığmanın uğurlu çıxışına mənfi təsir göstərir?
- Əlbəttə ki, futbolçularımızın Premyer Liqada oynamaması yığmanın çıxışına da öz təsirini göstərir. Çünki bizim oyunçular təcrübə sarıdan əziyyət çəkir. Ümid edək ki, daha yaxşı olacaq.

- Növbəti matç gələn ay Şimali İrlandiyaya qarşıdır. Səncə, onları evdə məğlub edə biləcəksiz?
- Qrupdakı ilk oyunumuz artıq geridə qaldı. İndi yalnız Şimali İrlandiya ilə oyunu düşünməliyik. Yaxşı komandamız var. İnanıram ki, Şimali İrlandiyaya evdə qalib gələcəyik.

writer photo
Əlirza Əlirzalı
0