Azərbaycanın futzal üzrə Yüksək və Birinci liqalarında 2024/2025 mövsümünün püşkü atılıb.
Apasport.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən mərasimdə əvvəlcə komandalara reqlament barədə məlumat çatdırılıb.
Yüksək Liqada 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdır. Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb. Komandalar 4 dövrə mübarizə aparacaq. 20 turun yekununda ən çox xal toplayacaq kollektiv Azərbaycan çempionu olacaq və ölkəmizi UEFA Çempionlar Liqasının 2025-2026-cı illər mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.
Birinci Liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə 1 dövrədən ibarət olacaq. 11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq. Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda Birinci Liqanın qalibi olacaq. Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək. Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.
Onu da qeyd edək ki, “yay transfer pəncərəsi” oktyabrın 21-i, saat 23:59-da bağlanacaq:
Yüksək Liqa, I tur
22 oktyabr. Olimpik Star
“Baku Fire” – “Araz-Naxçıvan”
“Şuşa” – “Neftçi” İK
U-19 – “Yasamal Bakı”
Birinci Liqa, I tur
20 oktyabr. Olimpik Star
“STAR kargo” – “Xan-Lənkəran”
“Delta” – “Djevo Dəyirman”
“Baku Fire-2” – “Çarşı Bakı”
“Yeni Suraxanı” – “Ulduz”
“Dəstə Ordubad” – “Timsport”
PFL – “Metropoliten”