Futbol mütəxəssisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- "Neftçi"nin “Sabah”a məğlubiyyəti azarkeşlərini pis sarsıtdı. Sizcə, bu nəticənin günahı kimdədir?
- “Neftçi”nin oyunu mənə o qədər də yaxşı təsir bağışlamadı. Əlbəttə ki, hər məğlubiyyət azarkeşləri sarsıdır. “Neftçi”nin azarkeşləri həddən artıq möhtəşəmdirlər. Onlar soyuq, yağışlı hava şəraitinə baxmayaraq, həmişə komandaya dəstək olublar.. Əfsuslar olsun ki, komandanın özü bu sevginin qarşılığını verə bilmir. “Neftçi” hələ də özünə gələ bilməyib. Açıq şəkildə deyim ki, onların oyunu heç xoşuma gəlmir. Transfer olunan 12 -13 legioner də özlərini yaxşı tərəfdən göstərmir. Onlar gələndə bilməliydilər ki, “Neftçi” Azərbaycanın ən tanınmış komandasıdır. Bu komanda həmişə qalib gəlməli və həmişə çempionluğa oynayan komanda olmalıdır. Təəssüf ki, hazırkı durumda onu deyə bilmirik. Amma təki mən səhv danışım. Təki gələn legionerlər özünü yaxşı tərəfdən göstərsin və çempionatın sonunda komanda çempion olsun. Amma 11 turda gördüklərimə nəzərən deyirəm ki, həm legionerlər, həm oyun o qədər də yaxşı təsir bağışlamır. Belə oyunla inanmıram ki, komanda yaxşı nəticə əldə edə bilsin. Qarşıdakı oyunlarda “Neftçi”yə uğurlar arzu edirəm.
- Adrian Mutu hər bir oyunçusundan razı olduğunu deyir. Ola bilərmi ki, onun xarici komandalarda tətbiq etdiyi metod “Neftçi”dəki oyunçular üçün çətindir?
- Mutunun oyunçularını tərifləməyi adi bir haldır. Hər bir məşqçi oyundan sonra oyunçularını tərifləyər. Deməzdim ki, tətbiq etmək istədiyi metod “Neftçi”nin oyunçuları üçün çətin gəlir. Futbolçuların hamısı professionaldır. Amma Mutunun hansı metoda üstünlük verdiyinə, yaxud harada, necə işlədiyinə bələd deyiləm. Mutu gələndən sonra komandada bir dəyişiklik müşahidə etməmişəm. Ümumiyyətlə, “Neftçi”nin nə istədiyini də başa düşmürəm. Yəni deyim ki, həqiqətən də baş məşqçi nə isə istəyir, amma futbolçular onu bacarmır – yox, elə bir şey görmürəm. Ola bilər ki, komandada hansısa sistemi qurmaq istəyir, amma biz bunu geridə qalan 11 turda görməliydik axı...
- Emin Mahmudov son iki matçda start heyətində yer almayıb. Sizcə, buna səbəb nədir?
- Səbəbini dəqiq deyə bilmərəm. Amma Emin Mahmudov həmişə özünü yaxşı tərəfdən göstərən bir futbolçudur və komandanın lideridir. İllərdir “Neftçi”də oynayır, oyunlarda 90 dəqiqə mübarizə aparan, mənim də xoşuma gələn bir futbolçudur. Amma onun oyununda keçən ilkinə baxanda bir az eniş var. Mən düşünürəm ki, Emin yaxşı futbolçudur, ola bilər, nəyəsə görə meydançaya çıxmayıb. İnanıram ki, qarşıdakı oyunlarda ona şans veriləcək və komandanın lideri kimi özünü yaxşı tərəfdən göstərəcək.
- "Ağ-qaralar" turnir cədvəlində 4 komandadan geri qalır. Həmin komandalar "Neftçi"ni nədə üstələyir?
- “Neftçi”nin turnir cədvəlində dörd komandadan geri qalmağının səbəbi öndə olan komandaların əzmkarlığı, kollektiv oyunudur. Amma “Neftçi”də sanki, bir pərakəndəlik var. İndividual şəkildə yaxşı futbolçuları var, bunu danmaq olmaz. Amma kollektiv şəkildə belə oyun görmürük. Komandada həmçinin əzmkarlıq çatışmır. Ona görə də “Neftçi”nin turnir cədvəlindəki hazırkı yeri oynadığı oyuna tam uyğundur.
- "Neftçi"nin yeni idman direktoru Yens Anderson komanda ilə bağlı böyük planları olduğunu deyib...
- Açığı yeni gələn idman direktorunu nə tanıyıram, nə də işinə bələdəm. Yəqin ki, klub rəhbərliyi bu mövzuda xarici mütəxəssisə və onun planlarına güvənib, kluba dəvət edib. İnanaq ki, komandaya köməyi dəyəcək. Amma konkret olaraq hansı işlərlə məşğul olacağını, nəyə nəzarət edəcəyini bilmirəm. Hər halda müsbətə doğru nələrin dəyişəcəyini bizə zaman göstərəcək.
- İndiki "Neftçi"də ilk növbədə hansı dəyişikliklər olmalıdır? Sizcə Mutu göndərilməlidir?
- Mən olsam, “Neftçi”də çox şeyi dəyişərdim. Amma Mutunun saxlanılması və ya göndərilməsi rəhbərliyin biləcəyi işdir. Bu haqda bir şey deyə bilmərəm. Ümumiyyətlə, komandaya hansı baş məşqçinin gətiriləcəyini qabaqcadan fikirləşmək lazım idi.