Yunis Hüseynovun “Qarabağ”ın oyununa PROQNOZU
27.10.2022 - 13:21
Yunis Hüseynovun “Qarabağ”ın oyununa PROQNOZU

“Qarabağ”ın Avropa Liqasında növbəti mərhələyə adlayacağını çoxdan proqnozlaşdırmışam. Ümid edirəm ki, təmsilçimiz bu gün özünə lazım olan xalı qazanıb, pley-offa vəsiqəni rəsmiləşdirəcək”.

Bunu apasport.az saytına açıqlamasında veteran futbolçu Yunis Hüseynov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Nant”la bu gün səfərdə keçirəcəyi oyunla bağlı danışarkən deyib.

“Qarabağ”ın səfər komandası olduğunu düşünən 57 yaşlı mütəxəssis Azərbaycan çempionunun Fransadan 3 xalla dönəcəyini proqnozlaşdırır: “Nant”ın futbolçularının, məşqçilərinin müsahibələrini oxuyuram, hamısı matça çox ciddi hazırlaşıb. Buna baxmayaraq, “Qarabağ” həm dolu tribunalar olan stadionda, həm də xüsusilə səfərdə ən yaxşı oyununu göstərə bilir. Buna görə də, Qurban Qurbanovun komandasının Fransada qələbə qazanacağını düşünürəm”.

Hüseynov Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda erkən qolun vacibliyini vurğulayıb: “Nəzərə alaq ki, “Nant”ın da növbəti mərhələyə şansı var. Bunun üçün “Qarabağ”ı məğlub etməlidir. Şübhəsiz ki, çətin olacaq. Ancaq “Qarabağ” həm avrokuboklarda, həm də çempionatda pik formadadır. “Nant” qol vurmaq üçün yüz faiz irəli atılacaq. Rəqibin açıq futbol oynaması da “Qarabağ”ın xeyrinə olur, komanda özünü meydanda həddən artıq rahat hiss edir. Bu gün də təmsilçimizin boşluqlardan istifadə edəcəyinə inanıram. Əgər “Qarabağ” ilk 15 dəqiqədə hesabı aça bilsə, ən azı 2 top fərqli qələbə qazanacaq”.

Proqnozum: “Qarabağ”ın 2:0 hesablı qələbəsi
 

writer photo
Əlirza Əlirzalı
0