Zaur Həşimov: "Qarabağ"ın itirəcək bir şeyi yoxdur" - Müsahibə
23.02.2024 - 23:31
Zaur Həşimov: "Qarabağ"ın itirəcək bir şeyi yoxdur" - Müsahibə

"Qarabağ"ın veteran futbolçusu, hazırda məşqçi kimi fəaliyyət göstərən Zaur Həşimov apasport.az saytına müsahibə verib:

- "Qarabağ" "Braqa" səddini keçməyi bacardı. İlk oyundan sonra inamın böyük idi, yoxsa yenə də çətin olacağını ehtimal edirdin?
- Dünən çox dramatik oyun izlədik. Bu oyundan gözləntilər böyük idi. Buna səbəb isə "Qarabağ"ın səfərdə "Braqa"ya 4:2 hesabı ilə qalib gəlməsiydi. Etiraf edim ki, mən Bakıda daha güclü "Braqa"gözləyirdim. Hər halda, Elvin Cəfərquliyevin qırmızı vərəqə almasına qədər meydanda inamsız "Braqa" gördük. Qırmızı vərəqədən sonra isə tam başqa oyun izlədik. Maraqlı və gərgin görüş keçdi. Amma komandamız sonda qalib gəlməyi bacardı. Bu münasibətlə onları təbrik edirəm.

- Səncə, görüşün bu qədər dramatik və gərgin keçməsinin səbəbi nə idi, "Qarabağ"ın meydanda 10 nəfərlə qalması? "Qarabağ" meydanda 11 nəfərlə qalsaydı, məsələni 90 dəqiqəyə həll edəcəkdi?
- Bəli. Meydanda 10 nəfərlə qalmağımız hər şeyi tam olaraq dəydişdi. Üstəlik, bu ikinci hissənin tam əvvəlində baş verdi. Rəqibin kifayət qədər vaxtı da oldu. Onlar bunu başa düşürdü. Buna baxmayaraq, yenə də "Qarabağ"ın qapısı qarşısında çox qol epizodu yarada bilmirdilər. Əsas vaxtın bitməsinə qədər yalnız hesabı bərabərləşdirə bildilər. "Qarabağ" azlıqda qalmasaydı, mərhələnin taleyini əsas vaxtda həll edəcəkdi. 

- Baş hakimin "Qarabağ"a qarşı qərəzli olduğunu düşünürsən, yoxsa verilən qərarlar doğru idi?
- Düzü, mən də hakimə qəzəblənmişdim. O hər şeyi qaydalara uyğun etdi. Belə məqamlarda hakimlərin oyunu sındırmamağı çox vacibdir. Son qol da Bədavi Hüseynovun ötürmə verməsini yenidən təkrarlada bilərdi. Bunu etmədiyinə görə ona qəzəbim qalmadı.

- 10 nəfərlə iki qol vurmaq, əlavə dəqiqələri qalib başa vurmaq... "Qarabağ"ın bu cür xarakter göstərməsini nə ilə əlaqələndirirsən?
- "Qarabağ"ın 10 nəfərlə qalması, onların işini nə qədər çətinləşdirsə də, qələbəsini o qədər də dəyərli etdi. Dünən yaşadığımız emosiyalar, sevinc hissləri sözlə ifadə edilməz dərəcədə başqa idi. Nadir halda belə oyunlar izləyirik. Dünən "Qarabağ"ın timsalında qüururverici oyun izlədik. 

- "Qarabağ"ın növbəti mərhələdəki rəqibi bəlli oldu. Onlar "Bayer"lə yenidən qarşılaşacaq. Bu haqda fikrin necədir? Təmsilçimizin şansı var?
- Bu mərhələdə asan rəqib yoxdur. Sadəcə "Qarabağ" ən ağır üç komandadan birinə rəqib oldu. Qrup oyunlarında bu rəqibin mükəmməl komanda olduğunu görmüşdük. Üstəlik, "Bayer" bu mövsüm məğlubiyyət acısı yaşamayan komandadır. Hər halda, "Qarabağ"ın itirəcək bir şeyi yoxdur. Psixoloji olaraq biz daha rahat olmalıyıq. Bu, xeyrimizə olacaq amildir. Şans isə həmişə var.

- "Qarabağ" bu mərhələyə qədər göstərdiyi xarakter və oyunla 1/8 finalı da keçə biləcək?
- Futbol gözlənilməzliklərlə dolu oyundur. Biz elə "Qarabağ"ın da simasında belə oyunların şahidi olmuşuq. "Qarabağ"ın "Bayer"lə matçlara mərhələ adlamaq üçün çıxacağına inanıram. "Qarabağ"ın necə oynadığını görürük. Komanda uğurlu nəticə üçün oynayacaq.

writer photo
Əlirza Əlirzalı
0