“Zirə”nin legioneri: “Premyer Liqada bizdən stabil komanda yoxdur” - Müsahibə
01.11.2023 - 15:03
“Zirə”nin legioneri: “Premyer Liqada bizdən stabil komanda yoxdur” - Müsahibə

“Zirə”nin legioneri Andriya Lukoviçin apasport.az saytına müsahibəsi 

- Son turda "Səbail"lə bərabərə qaldınız. İstədiyiniz nəticə oldu?
- Yaxşı komandaya qarşı çox ağır oyun oldu. Oyuna yaxşı başladıq, demək olar ki, 90 dəqiqəni yaxşı keçirdik. Düzdür, ilk hissənin 15-20 dəqiqəsində konsentrasiyanı itirdik. Lakin iki gözəl qol vurduq. Fasilədən sonra da öz oyunumuzu oynamağa başladıq. Hətta bərabərlik qolundan sonra da hücumlarımıza davam etdik. Nəticənin ədalətli olduğunu düşünürəm.

- "Səbail" sizin üçün güclü rəqib idi?
- Yaxşı komandadır. Təcrübəli baş məşqçisi və çoxlu sayda yaxşı futbolçuları var. Hansı ki, o oyunçuların fərdi keyfiyyətləri də özünü göstərir. Oyunun da bizim üçün asan keçməməsi bununla əlaqəlidir.

- "Zirə" lider olsa da, qeyri-stabilliyi ilə diqqət çəkir. Bu qeyri-stabilliyin səbəbi nədir?
- Doğrudur, məğlub olduğumuz matçlar, 90 dəqiqəni ideal oynamadığımız oyunlar da oldu. Lakin bu futboldur. Bizdə də enişli-çıxışlı anlar var. “Zirə”nin stabil olmadığı ilə bağlı fikrinizlə razı ola bilmərəm. Mövsümün ilk turundan birinci pillədəyik və hələ də burada qalırıq. Mənə Premyer Liqada bizdən daha stabil komanda adı deyə bilərsiniz? 

- Komandanızın liderlik kürsüsündə qalmasının səbəblərindən biri də "Qarabağ"ın son turda "Araz-Naxçıvan"a uduzması oldu. Bu görüşdəki nəticə sənin üçün sürpriz oldu?
- Düzünü deyim, mənə görə “Qarabağ” çempionluğa ən real namizəddir. Düzdür, komandanın “Araz-Naxçıvan”a son turdakı məğlubiyyəti gözlənilməz idi, lakin bu mövsüm “Araz-Naxçıvan”ın heyranedici oyunu da göz qabağındadır. Mövsümün əvvəlində birinci liqadan yüksək liqaya gələn komanda hazırda 2-3-cü pillədədir. Bu isə onların nə qədər yaxşı komanda olduğunu göstərir.

- Ümumiyyətlə, "Zirə"nin lider kimi qalması, çempion olmasını real hesab edirsən? Bu baş verəcək?
- Bizim əsas məqsədimiz Avropaya yollanmaqdır, çempionluq yox. 2023/2024 mövsümündə avrokuboklarda yer almaq üçün mübarizə aparırıq, əlimizdən gələni edirik. Lakin hazırda özümüzü ilk pillədə görmək də olduqca xoşdur. 

- "Zirə"nin növbəti turdakı rəqibi "Sabah" komandasıdır. Hansı ki, son turda "Neftçi"yə qalib gəldi. Gözləntiləriniz nədir?
- Bəli, növbəti matçımız “Sabah”a qarşıdır. Rəqibimiz güclü komandadır. Biz hər oyunda qalib gəlməyə çalışırıq. Bu matçda da eynisi olacaq. Ancaq necə olacağını görəcəyik. Matça yaxşı hazırlaşırıq, məncə, oyun da olduqca maraqlı keçəcək. Ümidvaram ki, qalib gələcəyik.

writer photo
Əlirza Əlirzalı
0