Avstraliya yığmasının 16 illik həsrəti başa çatıb.
Apasport.az saytı xəbər verir ki, "kenqurular" tarixində ikinci dəfə dünya çempionatının pley-offuna vəsiqə qazanıb.
Qrem Arnoldun yetirmələri DÇ-2022-nin D qrupunda Fransanın ardından ikinci pilləni tutaraq 6 xalla 1/8 finala yüksəlib.
"Yaşıl qitə" təmsilçisi 2006-cı ildə Almaniyada keçirilən mundialda ilk dəfə belə uğurla yadda qalmışdı.
Qətərdə keçirilən turnirin ilk turunda son dünya çempionu Fransaya 1:4 uduzan avstraliyalılar növbəti oyunlarda Tunis və Danimarka millilərini minimal hesabla üstələyib. Bununla, onlar ilk dəfə dünya çempionatında ardıcıl 2 qələbə qazanıblar.
Qeyd edək ki, Avstraliya seçməsi növbəti mərhələdə C qrupunun qalibi ilə üzləşəcək.