Fransa prezidenti Emmanuel Makronun DÇ-2022-nin finalı ilə bağlı planı alt-üst ola bilər.
Apasport.az saytının məlumatına görə, prezident Fransa yığmasının bütün zədəli futbolçularını Argentina ilə final matçına dəvət etmək istəsə də, bəzi klublar buna qarşı çıxıb.
“Yuventus” Pol Poqbanı Qətərə buraxmaq niyyətində deyil. Zədədən sonra uzun müddətdir bərpa prosesi keçən yarımmüdafiəçi məhz buna görə DÇ-2022-dən kənar qalıb. Turinlilər onun qonaq kimi finalda iştirak etməsini istəmir.
Mundialın Avstraliyaya qarşı matçında zədələnən Lukas Ernandesin də finalı canlı izləməsində problem yaranıb. “Bavariya” əməliyyat olunan müdafiəçinin uzaq səfərə çıxmasının əleyhinədir.
Qeyd edək ki, Fransa və Argentina arasında final qarşılaşması dekabrın 18-də keçiriləcək.