“Sadə epizodda diqqətsizlik qapımızda avtoqolla nəticələndi. Bu cür oyunlarda komanda 90 dəqiqə maksimum konsentrasiyanı qoruyub saxlamalıdır”.
Bu sözləri apasport.az saytına açıqlamasında Adil Şükürov deyib.
Təcrübəli mütəxəssis millimizin Slovakiya ilə matçını dəyərləndirib: “Millimizin ehtiyatlı oyuna üstünlük verdiyini gördük. Ani boşluq rəqibin təhlükəli hücumları ilə nəticələnirdi. İlk yarıda 3-4-3 sistemində oynayan millimiz Elvin Cəfərquliyev və Qismət Alıyevin aktivliyi hesabına rəqibi cinahlarda üstələyirdi. Bu sistemdə yarımcinah oyunçuları kimi çıxış edən Ramil Şeydayev və Toral Bayramov tandemi özünü yaxşı tərəfdən göstərdi və cavab qolunu vaxtında vura bildik. Komandamızın qoldan sonra da imkanları oldu. Amma sonluqda dəqiq olmağı bacarmadığımız üçün matçı xeyrimizə dəyişə bilmədik. İkinci hissədə Emin Mahmudovun meydana çıxmasıyla sistemi dəyişən Fernandu Santuş mərkəzdən hücum etməklə rəqibin müdafiəsini yarmağa çalışdı. Lakin Mahir Emrelinin ehtiyatsız oyunu, həm də meydanın mərkəzində aldığı ikinci sarı vərəqə komandanı pis vəziyyətdə qoydu. Heç bir təhlükənin olmadığı yerdə lazımsız kart görmək oyunun konsentrasiyasını itirməkdir. Bunun ardınca üstünlüyü Slovakiya millisinə verib daha çox əks-hücumlarda oynamağa çalışdıq. Qonaqların ikinci qolu demək olar ki, komandamızı daha da irəli atılmağa məcbur etdi. Təcrübəli rəqib topu ələ keçirib sürətli hücumla 3-cü qolu vurduqdan sonra artıq yığmamızın oyun strukturu dağıldı. Nəticədə isə 0 xalla qrupda sonuncu yerdə qərarlaşdıq”.
Qeyd edək ki, Millətlər Liqasının IV turunun Azərbaycan - Slovakiya matçı qonaqların 3:1 hesablı qələbəsi ilə nəticələnib.
İsmayıl Xeyrullayev