DÇ-2022-də qrup mərhələsinin ilk iki turu arxada qalıb. Baş tutmalı olan 64 oyunun yarısı keçirilib.
Apasport.az saytı mundialın 32 görüşündə Alt/Üst və Q/Q statistikalarını təqdim edir.
Cəmi 11 Üst
Baş tutan 32 oyunun yalnız 11-i Üst ilə nəticələnib. Digər 21 qarşılaşmada qol sayı 2-dən yüksək olmayıb. Ümumi görüşlərin 34,4 faizində Üst, 65,6 faizində Alt qeydə alınıb.
Üç qrupda tarazlıq
Mundialın 8 qrupundan üçündə Alt və Üst arasında tarazlıq var. D, E və H qruplarında iki dəfə qol sayı 2-dən artıq olubsa, iki dəfə bunu keçməyib. A, B, C, F, G qruplarının hərəsində isə yalnız bir dəfə Üst qeydə alınıb. Digər üç qarşılaşma Alt ilə nəticələnib.
Çempion fərqi: Qana da geri qalmır
Yalnız iki yığmanın bütün oyunları Üst bitib. Son dünya çempionu Fransa məhsuldarlığı ilə buna nail olub. Üçrənglilər 4:1 və 2:1 hesablı qələbələri sıralayıb. Qana isə 3:2 sevgisi yaşayır. Bu hesabla bir qələbə və bir məğlubiyyət yaşanıb.
“Menşeviklər”
12 komandanın hər iki matçı Alt ilə bitib. Üst həsrətində olanlar sırasında adətən qrupda məhsuldar oynayan Braziliya və Niderland da var. Onlar kimi Ekvador, ABŞ, Uels, Meksika, Polşa, Tunis, Belçika, Mərakeş, İsveçrə və Uruqvay da “menşevik”lərdəndir. Digər 18 yığma isə bir dəfə Üst, bir dəfə Alt oynayıb: Qətər, Seneqal, İngiltərə, İran, Argentina, Səudiyyə Ərəbistanı, Avstraliya, Danimarka, Kosta-Rika, Almaniya, Yaponiya, İspaniya, Kanada, Xorvatiya, Kamerun, Serbiya, Portuqaliya, Cənubi Koreya.
13 dəfə Q/Q
Çempionatın 32 oyununda 13 dəfə Q/Qqeydə alınıb. Digər 19 matçda ya bir komanda, ya heç biri fərqlənməyib. Bir sözlə, 40,6 faiz qarşılaşmada tərəflərin ikisi də qol vurub.
Beş qrupda fərq
Mundialın 5 qrupunda oyunların yarısı Q/Qilə nəticələnib. Bunlar A, B, D, E və H qruplarıdır. C, F və G qrupunda bir dəfə belə hal yaşanıb.
Üç komanda hamıdan öndə
Fransa, Almaniya, Qana yığmalarının hər iki oyununda Q/Q qeydə alınıb. 9 komandada isə belə matç yoxdur. Bu komandalar Meksika, Polşa, Tunis, Kosta-Rika, Belçika, Mərakeş, Braziliya, İsveçrə, Uruqvaydır. Digər 20 yığma bir dəfə Q/Q oynayıb.
Qeyd edək ki, bu gün mundialda III tura start veriləcək.