Portuqaliya millisi tarixində üçüncü dəfə dünya çempionatının ilk iki görüşündə qalib gəlib.
Apasport.az saytının məlumatına görə, komanda Qətərdəki mundialın H qrupunda Qana (3:2) və Uruqvayı (2:0) məğlub edərək buna nail olub.
Avropalılar bundan əvvəl 1966 və 2006-cı illərdə də eyni göstəriciyə imza atmışdı. Hər iki halda komanda turnirin yarımfinalına qədər irəliləyib.
Portuqaliya yığması eyni zamanda ardıcıl 8-ci mundial matçında qol vura bilib. Bu isə adıçəkilən millinin rekord seriyasıdır.
Uruqvayla qarşılaşmanın ilk dəqiqələrindən meydanda olan müdafiəçisi Pepe dünya çempionatları tarixində iştirak edən ən yaşlı 3-cü meydan oyunçusu olub. O, 39 yaş 275 günlüyündə forma şansı əldə edib. Siyahıya DÇ-1994-də 42 yaş 39 günlüyündə oynamış kamerunlu Roje Milla başçılıq edir. Onu Qətərdəki mundial zamanı 39 yaş 292 günlüyündə iştirak edən kanadalı Atiba Hatçinson izləyir.
Qeyd edək ki, iki turdan sonra aktivində 6 xal olan Portuqaliya yığması 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.