FİFA-dan qolu Ronaldonun vurması müzakirəsinə nöqtə - YENİLƏNİB
29.11.2022 - 16:12
FİFA-dan qolu Ronaldonun vurması müzakirəsinə nöqtə - YENİLƏNİB

FIFA dünya çempionatının qrup mərhələsində Uruqvayla oyunda Portuqaliya yığmasının ilk qolunun müəllifi ilə bağlı məsələyə son nöqtəni qoyub.

Apasport.az saytının məlumatına görə, Portuqaliya Futbol Federasiyası həmin epizodda Kriştiano Ronaldonun topa toxunduğuna dair sübut təqdim etməyə hazırlasa da, ali futbol qurumu buna ehtiyac duymayıb.

FIFA Ronaldonun topa toxunmadığını, qolun Bruno Fernandeşin aktivində qalacağını açıqlayıb. Çünki topun içinə quraşdırılmış sensor oxunuşu sayəsində Ronaldonun topa toxunmadığı təsdiqlənib.

Qeyd edək ki, Portuqaliya Uruqvay üzərində 2:0 hesablı qələbə qazanaraq, vaxtından əvvəl 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

***

Saat. 15:32

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin II turunda Uruqvayla keçirilən görüşdə Portuqaliya yığmasının ilk qolunu kimin vurması ilə bağlı müzakirələr davam edir.

Apasport.az saytının məlumatına görə, Portuqaliya Futbol Federasiyası hesabı açan oyunçunun Bruno Fernandeş yox, Kriştiano Ronaldo olduğunu düşünür.

Bununla bağlı federasiya FIFA-ya rəsmi müraciət edəcək. Qurum həmin epizodda Fernandeşin cinah ötürməsi zamanı qapıya ünvanlanan topa kapitan Ronaldonun başla toxunduğuna dair FIFA-ya sübut təqdim edəcək. Dünən oyun zamanı qolun əvvəlcə Ronaldo tərəfindən vurulduğu qeyd olunsa da, sonradan Fernandeşin aktivinə yazılıb.

Qeyd edək ki, Uruqvayı Bruno Fernandeşin dublu sayəsində məğlub edən Portuqaliya yığması 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
 

writer photo
Əlirza Əlirzalı
0