DÇ-2022-nin qrup mərhələsinin II turunun C qrupunda keçirilən Argentina – Meksika oyununda baş verənlər peşəkar boksçu Saul Alvaresi qəzəbləndirib.
Apasport.az saytının məlumatına görə, superorta çəkidə mütləq dünya çempionu olan meksikalı Lionel Messinin soyunub-geyinmə otağındakı davranışından narazı qalıb.
Argentinalıların 2:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra 35 yaşlı hücumçunun videosu yayılıb. O, Argentina yığmasının soyunub-geyinmə otağında yerdə olan Meksika millisinin formasını ayağı ilə itələyib.
Üzərində ölkə bayrağı olan forma ilə belə davranışa görə özündən çıxan “Kanelo” ləqəbli boksçu tvitter hesabında paylaşım edib: “Siz gördünüz, Messi döşəməni bizim futbolka və bayraqla necə sildi? Allaha dua edirəm ki, onunla rastlaşmayım. Argentina Meksikaya necə hörmətlə yanaşmalıdırsa, biz də eynilə Argentinaya hörmət etməliyik. Mən ölkə haqda danışmıram. Mən Messi və onun iyrənc əməlindən danışıram”.
Qeyd edək ki, peşəkar rinqdəki 62 döyüşdə 58 qələbə, 2 heç-heçə və 2 məğlubiyyəti olan Saul WBC, WBA, İBF, WBO və “The Ring” versiyaları üzrə dünya çempionudur.