Lionel Messinin Karyerasının Dönüş Nöqtələri
16.07.2024 - 14:32
Lionel Messinin Karyerasının Dönüş Nöqtələri

Şübhəsiz ki, tarixin ən güclü futbolçularından biri olan Lionel Messinin karyerası ilə bağlı xüsusi və az bilinən məqamlar bütün futbol azarkeşləri üçün maraqlıdır.

Lionel Messinin “Barselona”ya gəlişi

Messinin “Barselona”ya xüsusi hormon müalicəsinə ehtiyacı üçün gəldiyi məlumdur. Əslində, bu müalicənin bütün xərcləri Argentinadakı Sosial Təhlükəsizlik Təşkilatı tərəfindən qarşılanıb. Lionun Kataloniya klubu ilə müqaviləyə imza atması isə Soldini və Montero adlı iki menecerin cəhdləri sayəsində baş tutub. 

Soldini Messiyə portağal və tennis topu verərək, bir həftə sonra yenə gələcəyini demişdi. Ona çox çalışmağı tapşırmışdı, çünki geri qayıdanda onun videosunu çəkəcəkdi. “Barselona”ya göndərilən videoyazıda Messi portağalla 113, tennis topu ilə isə 120 dəfə 
müxtəlif ayaq hərəkətləri göstərmişdi. 

Qısa vaxt ərzində klub rəsmiləri ilə görüşən argentinalı ayaqüstü kağız salfet üzərinə atdığı imza ilə katalonların üzvü oldu. 

13 yaşında “Barselona”ya gəldiyi gündən Messinin nadir hallarda katalon dilində danışdığı görünüb. Argentina aksentini heç vaxt tərk etməyən ulduz futbolçu yalnız çempionluqlarını qeyd edərkən katalon dilində danışıb. 

Lionel Messinin La Liqada debütü

“Barselona”nın “Espanyol”u səfərdə 1:0 hesabı ilə məğlub etdiyi derbidə ilk dəfə forma geyinən Messi həmin sezon liqada 7, ümumilikdə isə 9 oyunda meydana çıxdı. Argentinalı ulduz nəinki Kataloniya klubunda, ümumi futbol tarixində təkrarlanması çətin olan rekordlara imza atıb.

Lionel Messinin “Barselona”dakı rekordları

Avropanın 5 böyük futbol çempionatından biri olan La Liqada ən çox qol vuran futbolçu ünvanı Messiyə aiddir.

Tarixdə ardıcıl 8 sezon klubuyla 40-dan artıq qol vuran yeganə futbolçu Messidir. Eyni zamanda o, 2012-ci ildə vurduğu 91 qolla bir il içərisində rəqib torunu havalandıran şəxs ünvanını qazanıb.

13 yaşında “Barselona”nın aşağı yaş qruplarında oynamağa başlayan Lionel 3 il sonra əsas komandaya yüksəlib. Messi adını klub tarixinə qızıl hərflərlə yazdırıb.

Argentinalı ulduz “Barselona” forması ilə klub tarixində rəsmi matçlarda ən çox qol vuran futbolçudur. 

Messinin milli komanda rekordları

Argentina milli komandasının əsas silahı olan Lionel Messi bir çox rekord qırmağı da bacarıb.

Messi milli komanda da bir Dünya Çempionatında oynayan və qol vuran ən gənc futbolçu adını özündə saxlayır. Bu zaman onun cəmi 18 yaşı var idi. Lionel eyni zamanda Argentina tarixinin ən çox qol vuran futbolçusudur.

Messinin ailəsi və ölkəsi

Messi hələ kiçik yaşlarından milli komandada oynamaq üçün İspaniya Futbol Federasiyasından dəvət almışdı. Buna baxmayaraq, o öz ana vətənini seçdi. Lionel ölkəsinəm və ailəsinə böyük dəyər verir. Vurduğu çox qolun sevincini qeyd edərkən barmağı ilə səmanı göstərərək nənəsini yad edir. Nənəsi Messi hələ 10 yaşında olarkən dünyadan köçüb. Argentinalı ulduz anasına da eyni dərəcədə bağlıdır. Sol çiynində anasının döyməsini daşıyır.

Messinin “Barselona”da ən ikonik anları

22 dekabr 2020-ci ildə Lionel daha bir rekorda imza atdı. Həmin gün “Barselona” “Real Valyadolid”in qonağı idi. Katalonların 0:3 hesabı ilə qalib gəldiyi matçda Messi klubdakı 644-cü qolunu vurdu və bir komandada ən çox qol vurmuş Pelenin rekordunu qırdı. Əfsanəvi braziliyalı “Santos” üçün 643 qola imza atmışdı.

Messinin “Barselona”dakı 500-cü qolu “El Klasiko”ya təsadüf edib. 2017-ci ilin 23 aprelində baş tutan qarşılaşmada “mavi-qırmızılar” “Santyaqo Bernabeu”dan 2:3 hesablı qələbə ilə ayrıldılar. Katalonların ilk qolunu 33-cü dəqiqədə Lionel Messi vurdu. Hesab 2:2 olarkən oyunun son dəqiqələrində səhnəyə çıxan argentinalı ulduz “Barsa” forması ilə 500-cü qoluna imza atmış oldu. Qoldan sonra həmin məşhur ikonik an gerçəkləşdi. Messi formasını çıxarıb, yerli azarkeşlərə nümayiş etdirdi.

Ulduz futbolçunun 2012-ci ildə etdikləri insana hələ də inanılmaz gəlir. Bir təqvim ilində 91 qol... 

Klubu və ölkəsi üçün ümumilikdə 69 oyuna çıxan Lionel həmin mövsüm Barselonada 79, Argentinada 12 qol vurdu. Bu qollar Messinin ardıcıl 4-cü “Qızıl top”unu qazanmasına bəs edirdi.

Lionel Messinin “Barselona”da ilkləri

Messi katalonların heyətində Çempionlar Liqasının finalında ilk qolunu 27 may 2009-cu ildə vurub. Finalda rəqib İngiltərənin “Mançester Yunayted” klubu idi. 

Xavi topu cərimə meydançasına göndərdi, Messi isə möhtəşəm baş zərbəsi ilə topu Van Der Sarın qoruduğu qapıdan keçirdi. İki il sonra başqa bir final qələbəsində yenə “Yunayted”in qapısına yol tapacaqdı.

Messi “Barselona”da ilk het-trikini 2007-ci ilin 10 martında edib. Dövrün gənc ulduzu yenə “El Klasiko” matçında “Real Madrid”in qapısını bombardman etməyi bacarmışdı. 

 
   


 
 
 

writer photo
Əlirza Əlirzalı
0