Apasport.az saytı koronavirus pandemiyası və Vətən müharibəsi ilə əlaqədar fasilə verilən “Ofsayd” rubrikasını yenidən bərpa edir.
Budəfəki qonağımız Azərbaycan millisinin sabiq futbolçusu, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Şəfa”, “Turan” kimi klublarda çıxış etmiş Ramiz Məmmədovdur. Düzdür, Məmmədov hazırda “Keşlə” klubunda koordinator vəzifəsində çalışır. Lakin “Qəbələ” və Qazaxıstan “Atırau”sunda, həmçinin indiki klubunda baş məşqçi olmuş 52 yaşlı mütəxəssis məşqçi kimi özünə yer edə bilmədiyi üçün məcburiyyətdən aşağı yaş qruplarında fəaliyyət göstərir.
Ramiz Məmmədov söhbət zamanı həm diqqətdən kənarda qalmasına aydınlıq gətirib, həm də Azərbaycan futbolunun problemlərindən söz açıb.
“Lazım gəlsə, 5 ay da maaşsız dözməliyik”
- İlk olaraq klubunuzdakı işiniz barədə məlumat verərdiniz. Ötən müddət ərzində nə kimi irəliləyişə nail olmusunuz?
- Həmişəki kollektivlə rahat işimizi görürük. Bir-birimizi tanıdığımızdan, dil tapmaqda problem yoxdur.
- “Keşlə”də son vaxtlar maliyyə problemi ucbatından maaşlar gecikdirilir, hətta üç əcnəbi oyunçu ilə yollar ayrılıb. Bu durum aşağı yaş qruplarına da sirayət edib?
- Bizdə maaşla bağlı hər hansı bir problem yoxdur. Əsas komandadakı əcnəbi futbolçuları deyə bilmərəm. Ancaq klubda hər şey ürəkaçandır. Müharibənin yeni bitdiyini dərk etməliyik. Lazım gəlsə, 5 ay da maaşsız dözməliyik. Əsas odur ki, ordumuzun qalibiyyəti ilə sevindik. Qarabağımız özümüzdədir, bundan gözəl nə ola bilər?
- Mövsümün əvvəlində “Keşlə”nin əsas komandasında baş məşqçi dəyişikliyi oldu. Yunis Hüseynovun gəlişindən sonra nə kimi yeniliklər hiss elədiniz?
- Hamımız yığmada birlikdə çıxış edən dostlarıq. İstər Tərlan müəllim, istərsə də Yunis müəllimlə münasibətimiz hər zaman əladır. Hamımız komandanın inkişafı, klubun dirçəlişi, futbolçular yetişdirmək üçün çalışırıq. Bunun da bəhrəsi kimi avrokuboka vəsiqə qazanmaq istəyirik.
- Sizin də baş məşqçi kimi kifayət qədər təcrübəniz var. Tərlan Əhmədovun gedişindən sonra bu posta gəlişiniz klubda heç müzakirə olunmadı?
- Bildiyiniz kimi, axırıncı dəfə komandanın çətin vəziyyətində 3-4 ay baş məşqçi işlədim. Nə məsləhət olubsa, onu yerinə yetirmişik. Klub daxilində bu məsələ gündəmə gəlməyib.
“Baş məşqçi kimi işləməyim kimlərəsə sərf eləmir”
- Ümumiyyətlə, kölgəyə çəkilməyinizin səbəbi klub sayının az olmasıdır, yoxsa baş məşqçi kimi çalışmağınıza mane olan qüvvələr var?
- Özümüzü harasa təyin etmək bizim əlimizdə deyil. Məni tanıyan insanlar yaxşı bilirlər ki, Ramiz Məmmədovda güc də var, istedad da. Hansı komandanı necə durumdan çıxardığımız göz önündə olub. Futbol biliyimə, bacarığıma hər zaman arxayın olmuşam. Bu gün bizə klub tapılmırsa və koordinator vəzifəsi məsləhət bilinibsə, başımızı aşağı salıb işimizi görməliyik. Kiməsə problem yaradan insan deyiləm. Bəzi şeyləri danışmağa ehtiyac yoxdur. Baş məşqçi kimi işləməyim bəlkə kimlərəsə sərf eləmir. Hər şeyi açıb deyə bilmirəm, amma istəmirlər. Hökmlə danışan adamam, tələblərim həddən artıq böyükdür. Yumşaq xasiyyətli deyiləm, bəlkə xarakterim hansısa klub rəhbərliyinin ürəyincə deyil.
- Belə çıxır ki, bir çox mütəxəssis məşqçilik bacarığına yox, başqa amillərə görə kənarda qalıb?
- Bəli, mən də bu cür düşünürəm. Hansısa məşqçilər kimi söz götürməyi xoşlamırıq, futbolçu transferində, heyəti qurmaq məsələsində çox şeylə barışmırıq. Əksər komandalar oyunçulara sərbəstlik verib. Amma mən bunu heç vaxt qəbul etməmişəm. İşlədiyim klublarda daim futbolçuların içində olmuşam, onlar qalan otaqda da yatmışam. Elə bir şəraitdə işləmişəm ki... Öz otağımı futbolçulara vermişəm ki, onlar rahat olsunlar.
- Ceyhun Sultnovun idman direktoru vəzifəsinə təyinatından sonra hətta “Keşlə”dən ayrılacağınızla bağlı söz-söhbət yayılmağa başlayıb. Bu nə dərəcədə realdır?
- Bunu Ceyhun Sultanovun gəlişinə niyə bağladıqlarını başa düşə bilmirəm. Hər tərəfdə söz-söhbət olur. Ağzıgöyçəklərin ağzını bağlamaq olmur. Şərəfinə, vicdanına, namusuna sığınan insan heç vaxt kiminsə arxasınca danışmır. Sözü üzə deməyi bacarmaq lazımdır. Bunun üçün də qanda gərək kişilik olsun. Ceyhun mənimlə futbol oynasa da, tələbəm olub. Bizim işimiz bir-birindən fərqlidir. Düzdür, mənim əsas işim baş məşqçilikdir. Ancaq koordinator kimi də komandaya xeyir verə bilirəm.
“Elə legionerlər var ki, yerlilərdən üstün deyil”
- Premyer Liqada qış fasiləsi yaranıb. Çempionatın səviyyəsi ürəyinizcədir?
- Deməzdim ki, ürəyimcədir. Hamı da bilir ki, 8 klubdan ibarət çempionatda inkişaf istənilən səviyyədə ola bilməz. Üstəlik, koronavirus pandemiyasının da keyfiyyətə mənfi təsiri oldu. Təqvim olduqca sıxdır. Burada milli komandaların oyunlarını da nəzərə almaq lazımdır. Koronavirusa yoluxan futbolçunu bərpa etmək baş məşqçi üçün çox çətindir. Əvvəllər Azərbaycan çempionatının maliyyə durumu, futbolçuların maaşları əcnəbilər üçün də cəlbedici idi. Menecerlər bura səviyyəli oyunçular gətirməyə can atırdılar. Ancaq indi elə legionerlər var ki, bizim yerli futbolçulardan heç də üstün deyil.
- Bir ara klublarda yoluxma sayı çox olmasına baxmayaraq, təxirəsalma ilə də olsa, oyunlar davam etdirildi. Mövsümün sonuna qədər bu formada mübarizə çətin olmayacaq?
- Deyir, bir baş ağıllıdır, 3-4-ü ondan da yaxşı fikirləşir. Məsləhətli don gen olar. Həm AFFA, həm də PFL çempionatın davamına qərar verib. Bəli, məşqçilər üçün çox çətindir. Elə klublar var ki, mövsümün əvvəlində istədiyi heyəti yığa bilməyib. Bunun üstünə 4-5 yoluxmanı da gəldikdə baş məşqçi üçün “11-liy”i qurmaq daha çətin olur. Boş qalan yerlərə əvəzedici heyətdən gənclər cəlb etmək mümkündür. Ancaq bu, arzulanan effekti verməyəcək. Bütün dünya ölkə çempionatını davam etdirir, bu virus artıq bizimlə birlikdə yaşayır. İnşallah, qısa müddətdə tamamilə məhv olar. Həm peyvəndlərin çıxması, həm də yoluxma sayının azalması bizi buna ümidləndirir. İstənilən halda, çempionatı dayandırmaq olmaz. Bu mənada atılan addımı alqışlayıram.
“Mənə görə qrupun lideri “Qarabağ” oldu”
- Avrokuboklarda iştirak edən klublarımız get-gedə daha zəif nəticələr göstərirlər. Bütün bunlar səviyyənin aşağı düşməsinin sübutu deyil?
- Acı da olsa, reallıq budur. Biz də istəyərdik ki, klublarımız heç olmasa 3-4 mərhələ keçsinlər. Ancaq bu mövsüm nə “Neftçi”, nə də bizim öz klubumuz olan “Keşlə” ümidləri doğrultdu. Bu, bizə gələn əcnəbilərin ustalıq səviyyəsinin get-gedə aşağı düşdüyünü göstərir. Məsələn, “Qarabağ”dakı əcnəbilər güclüdürlər. “Zirə”, “Sabah” kimi klublarda da 1-2 bu cür legioner var. Amma 1-2 yaxşı əcnəbi ilə futbolumuzu dirçəldə bilmərik. Çox istərdim ki, “Keşlə”də Sezar Meza Kolli kimi legionerlər daha çox olsun. Belələri gənclərə də nümunədir. Ancaq heç kimi qınamaq da olmur. Hazırda bütün dünyada iqtisadi böhran var. Klublarımızın necə maliyyələşdiyini də yaxşı bilirik. İndiki məqamda klublardan daha artığını tələb edə bilmirik. Bu durumla barışmalıyıq.
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsində antirekord edərək, cəmi 1 xal topladı. Halbuki münasib qrup sayılırdı...
- Nəzərə alaq ki, “Qarabağ” o bir xalı da öz meydanında qazanmadı. Onsuz da, matçlar azarkeşsiz olur. Torpaq insana əlavə güc verir. “Qarabağ” qrupda hətta xalsız qalsaydı belə, bizim möhtəşəm Qarabağ qalibiyyətimiz hər şeyi yaddan çıxardı. “Qarabağ”ın qrupa düşməyi və ardından ordumuzun Qarabağ zəfərini nəzərə alsaq, mənə görə qrupun lideri “Qarabağ” oldu.
“Neftçi” əzəmətini qaytara bilmirsə, günah rəhbərlikdədir”
- Çempionatda “Qarabağ”a rəqib olması gözlənilən “Neftçi” tez-tez baş məşqçi dəyişikliyinə əl atsa da, fasiləyə birinci pillədə yollandı. Bununla belə, qəbul edək ki, “Neftçi” hələ əvvəlki əzəmətində deyil. Sizcə, səbəb nədir?
- Mənə elə gəlir ki, o əzəməti qaytarmaq üçün klubun idarə heyəti öz işini görməlidir. Klub əzəmətini geri qaytara bilmirsə, günahı yalnız rəhbərlikdə görürəm. Seleksiya işi üçün hər cür şərait yaradılırsa, məsuliyyəti də onlar daşıyır. “Neftçi” bizim rəqibimizdir, onlar barədə danışmaq istəməzdim. İstərdik ki, bütün klublarımız güclənsinlər. Məsələn, “Sabah”a da gözləntilər böyük idi. Həmin komanda bu gün acınacaqlı vəziyyətdədirsə, deməli, yanlış yoldadırlar. Sözün düzünü demək lazımdır. Çünki bu, Azərbaycan futboluna yalnız fayda verər. Kiminsə işinə qarışmırıq, sadəcə onların yaxşılığı naminə nöqsanları deyirik.
- Premyer Liqada yeganə əcnəbi baş məşqçi “Sabah”dadır. Visente Qomesin nəticəsini yerli mütəxəssis təkrarlaya bilməz?
- Şübhəsiz. Yerli məşqçi ən azı hazırkı nəticədən zəifini göstərməz. Belə idisə, öz məşqçilərimizə niyə inanmırıq? Əgər uğur qazana bilmirsə, vaxtında dəyişiklik edib yerli mütəxəssislərə müraciət etmək lazımdır. Biz mentalitetimizə, futbolçularımızın xarakterinə bələdik, onlarla dil tapmağımız asandır. Məsələn, Ronald Kumanın rəhbərliyi altındakı “Barselona” acınacaqlı vəziyyətdədir. Vaxtilə iddialı futbolçu olub, məşqçi kimi də yaxşıdır. Ancaq “Barselona”da futbolçularla dil tapa bilmir. Bunun da günahı birbaşa rəhbərlikdədir. Bizdə də “Sabah” və “Neftçi”nin adını əbəs yerə çəkmədim. Biz hansısa klubun qəsdinə durmamışıq. Problemləri demək lazımdır. Təəssüf ki, Azərbaycan futbolu inkişaf etmək əvəzinə tənəzzülə uğrayır. Xalqın gözünə kül üfürməli, rəhbərliyin başının altına yastıq qoymalı deyilik. Elə insanlar var ki, başqa sahədə çalışırlar, amma futbolu çox gözəl bilirlər. Biz o insanları aldada bilmərik. 17-18 yaşlı istedadlı uşaqlara meydan verməliyik ki, inkişaf eləsinlər. Onları başqa kim oynatmalıdır? Gələn məşqçi kənardan futbolçular yığır ki, onların gücünün hesabına nəticə verə bilsin. Ancaq yerli məşqçi əcnəbinin arxasınca bir o qədər qaçmır. Azərbaycanda oynamağı bacaran gənclər var. Sadəcə, onlarla işləmək və daha artıq əziyyət çəkmək lazımdır.
“Onların ürəyi Azərbaycanla döyünmür”
- Milli komandamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla eyni qrupda yer alıb. Bu qrupa münasibətiniz necədir?
- Açığı, elə də yaxşı qrupa düşməmişik. Portuqaliya, həmçinin keçmiş Yuqoslaviya komandalarının inkişafı göz önündədir. Düzdür, biz Serbiyaya qalib də gəlmişik, səfərdə heç-heçə də etmişik. Ancaq reallıqla barışmaq lazımdır. Bir ara serblər zəifləmişdilər. Keçid dövrünü çox gözəl dəyərləndirdilər, bir neçə ili itirmək bahasına da olsa, güclü gənc nəsil yetişdirdilər. Bizə artıq Nazarovlar, Paşayevlər, İsrafilovlar lazım deyil. Eddi gələn gündən heç nə eləmədi. Gəlmələrdən yalnız Dmitri Nazarova “sağ ol” düşür. O, futbolçu kimi yığmada özünü təsdiqlədi. Sadəcə, bu oyunçuların ürəyi Azərbaycanla döyünmür. Yerli futbolçularımızın necə fədakarlıqlar etdiklərini son oyunlarda gördük. Canni de Byazi son toplanışlara çox futbolçu dəvət elədi. Buna görə, italiyalı məşqçiyə də “sağ ol” düşür. Yığma son matçlarda kiməsə möhtac qalmadı, müdafiə xəttini daxili çempionatın oyunçuları ilə qurdu. De Byazinin müqaviləsi davam edir və işləməkdə maraqlı görünür. Ancaq yanında azərbaycanlı məşqçilər də olmalıdır ki, onun təcrübəsindən faydalansınlar. Təkcə Arif Əsədovla iş bitmir. Yığmaya 3-4 yerli məşqçi dəvət almalıdır. Əgər de Byazi bu gün burada yaxşı pul qazanırsa, şərait yaratmaq lazımdır ki, yerli məşqçilər də ondan nəsə götürsünlər.
- Ötən Millətlər Liqasının qrupunda yığmamız 6 xalla 3-cü yeri tutdu. Razısınız ki, bu nəticə Azərbaycan futbolunun real durumunu əks etdirdi?
- Olanımız budur, barışmalıyıq. Bir söz deyəndə qınaq obyektinə çevrilirik. Məsələn, Gürcüstan və Ermənistanı götürək. Onlardan biri qrup lideri oldu, digəri pley-offa yüksəldi. Əgər biz bu nəticəni də verə bilmiriksə, illərdir əcnəbi məşqçilərin gətirilməsi nə dərəcədə doğrudur? Qrup üçüncülüyünü öz məşqçilərimizlə də tutarıq. Hər məşqçi əziyyətinin müqabilində pul qazanır. Pul o qədər önəmli deyil. Nəticə yaxşı olanda rəhbərlik sevə-sevə o pulu sənə verir. Ancaq nəticə olmayanda pul amili həmişə gözə batır.
“De Byazinin dediklərini həyata keçirməsi real görünmür”
- Canni de Byazi bildirib ki, Millətlər Liqası onun üçün sınaq turniri idi və komandanın dünya çempionatına yollanmaq şansı var. Kipr, Monteneqro, Lüksemburqla bacarmayan yığmanın Portuqaliya, Serbiya, İrlandiya önündə şansı nə qədərdir?
- Biz həmişə son sözü əvvəldən demişik. Gəlin belə danışaq. De Byazini haradasa qınamaq da olmaz. Qısa müddət idi bura gəlmişdi, komandanı öyrəndiyini deyirdi. Yığma italiyalının rəhbərliyi altındakı ilk görüşlərdə çətinlik çəkdi. Ancaq son matçlar göstərdi ki, bu adam müdafiə oyununu düzəldə bilib. Hər hansı vəd verə, iddialı danışa bilər. İstənilən halda, ona vaxt vermək lazımdır. Amma dediklərini həyata keçirməsi real görünmür. Artıq oyunları gözləməyə məhkumuq. Biz Portuqaliya ilə heç-heçə etmişik, Serbiyaya güclü vaxtında qalib gəlmişik. Futbolda ən böyük sensasiyalar həmişə bizim qrupda olurdu. Çox komandalara badalaq vurmuşuq, gücümüzü göstərmişik. Bu da millət kimi xarakterimizi göstərir. İstədiyimiz zaman futbol oynaya bilirik. Sadəcə olaraq, məşqçi də tapşırıqları futbolçulara düzgün çatdırmalıdır. Rəqibin hər oyunçusu barədə təhlil aparmaq, onu öz futbolçularına çatdırmaq vacibdir. De Byazinin müqaviləsi davam etdiyi üçün dediyini həyata keçirməyə vaxtı var. Kağız üzərində qrupdan çıxmaq şansımız çox çətindir. Ümidsizliyə qapılmayaq, öz yığmamızdır, dəstəkləməliyik. De Byazi ilə artıq eyni qatardayıq. Ona uğurlar arzulamalıyıq. İstənilən rəqibə qarşı oynamaq olar.
“Demişdim ki, 3-4 oyunçudan başqa hamısını göndərmək lazımdır”
- Sonuncu dəfə baş məşqçi olduğunuz zaman danışılmış oyunlar aşkarladınız və iki oyunçu futboldan uzaqlaşdırıldı. Həmin dönəmdən bəri futbolumuzda danışılmış oyun yoxdur, yoxsa bunu üzə çıxaracaq Ramiz Məmmədova ehtiyac var?
- Çox çətin sualdır. Allaha minnətdaram ki, mənə iti gözü, futbol duyumunu verib. Məşqçi heyəti həftə ərzində keçirilən məşqlərə əsasən qurur. Görürsən ki, hansısa oyunçu məşq zamanı canfəşanlıq edir, start heyətində yer almağa layiq olduğunu göstərir. Həmin futbolçu bu çıxışı oyun zamanı təkrarlamırsa, orada hər şey bəlli olur. Ya zədəlidir, ya da evində böyük problemi var. Üçüncü bir amili görə bilmirəm. Əgər bu problemləri yoxdursa və heyətə düşmək üçün özünü öldürdükdən sonra oyunu zəif keçirirsə, o zaman şübhə yaranır. Həmin vaxt da bu amilləri düşünmüşdüm və hətta demişdim ki, 3-4 oyunçudan başqa hamısını göndərmək lazımdır. Təəssüf ki, biz o günləri yaşadıq. Ondan bəri belə şübhəli məqam görməmişik və bunu arzulamırıq da.
“Azərbaycan futbolunu məhvə aparırlar”
- Koronavirus problemi oldu-olmadı, Azərbaycan futbolunun ildən-ilə gerilədiyini hər kəs qəbul edir. Yeni yetişən nəslə baxanda futbolumuzun daha da bataqlığa getdiyi görünmür?
- Sizin vasitənizlə sözümü Azərbaycan futbolunun başında dayanan AFFA-ya, PFL-ə tutub deyirəm ki, ayrılan pulları yalnız uşaq futboluna sərf etmək lazımdır. Uşaq futbolunun başına da bu işi bilən mütəxəssislər gətirilməlidir. Bir ara elit-qrup var idi, orada yaxşı işlər görülürdü. Təəssüf ki, qısa zamanda həmin qrup fəaliyyətini dayandırdı. Aşağı yaş qruplarına düzgün vəsait xərclənməsə, arxadan hansı uşaq klub və ya yığmanı gücləndirəcək səviyyədə yetişəcək? O uşaqların ayaqlarından tutub top vurmağı göstərməliyik, hər mövqenin funksiyalarını incəliyinə qədər izah etməliyik. Biz bu gün bütün mövqelərdə uduzuruq. Oyunçuları fiziki quruluşuna, xarakterinə uyğun mövqelərdə oynatmaq çox önəmlidir. Berti Foqtsun vaxtında Almaniyada məktəb açmışdılar. Xahiş edirəm, deyin ki, ora nə qədər pul töküldü və hansı uşaqlar yetişdi? Haqq sözünü deyənləri eşidən yoxdur. Bu gün birinci divizionda hər komandada 6-7 gənc futbolçu oynamalıdır. Bu qədər uşaq haradan yetişəcək? Birinci divizionda limiti artırdılar, 21 yaşlı oyunçu artıq qoca sayılır. Limitə görə o uşaqlar ortalıqda qalır, yer tapmırlar. 21-22 yaşlı uşağa qoca deyirlər. Deməli, yanlış yoldayıq. Limitlə bağlı bu tapşırığı kim veribsə, çox böyük səhv edib. Azərbaycan futbolunu məhvə aparırlar. Səhv eləmirəmsə, üç il əvvəl də belə problem olmuşdu. 21-22 yaşlı istedadlı uşaqları məhv etdilər, atdılar kənara. Üzlərinə avaralıq emblemi yapışdırıb, onları atıq həyatın axarına. Limit dəyişsə belə, onların bərpası bundan sonra çox çətin olar. Niyə bu addımı atdılar, başa düşmədim.
- “Neftçi” və “Sabah”dakı rəhbərlik problemindən danışdınız. Sözlərinizdən belə başa düşmək olar ki, AFFA-da da idarəçilik düzgün aparılmır...
- Qıcıq yaratmaq üçün demirəm, yanlışlıq var. Veteran futbolçular, həmçinin bir çox gənc oyunçu nə vaxta qədər ki, kənarda qalacaq, Azərbaycan futbolu bu durumdan çıxmayacaq. Futbol veteranlarının biliyindən istifadə etmək lazımdır. 10 milyon əhalisi olan xalqın içindən 100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik. Hər dəfə deyirik ki, futbolumuz ölür. 2800-dən çox şəhid verib Qarabağı işğaldan azad etməyi bacaran igid oğlanları olan, istedadlı, inkişafı sevən, səbir etməyi bacaran xalqıq. 27-30 il dözüb tarixi zəfər çaldıq. Deməli, futbolu da inkişaf etdirə bilərik. Bunun üçün vaxt və veteranlara inam lazımdır. Çörəyi çörəkçiyə verərlər. Hər peşənin başında o işin peşəkarı dayanmalıdır.
Ruslan Sadıqov